Azay Quliyev gənclərlə görüşdü - FOTOLAR

  • By admin
  • 30 Yanvar 2023 20:41

Bu gün deputat Azay Quliyev YAP Binəqədi rayon təşkilatında “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusuna həsr olunmuş tədbirdə iştirak edib.

Gununsesi.info xəbər verir ki, tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov açaraq “2 Fevral Gənclər Günü” münasibətilə gəncləri təbrik etdi və Ulu Öndər Heydər Əliyevin həm sovetlər dönəmində, həm də müstəqillik vaxtlarında gənclərin təhsili, inkişafı və formalaşması istiqamətində gördüyü işlərdən bəhs etdi.

Müasir və müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən və bu siyasətin nəticəsi olaraq formalaşan, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən gənclərdən danışan V. İsmayılov bildirdi ki, belə gənclərdən biri də Binəqədi rayonunun deputatı Azay Quliyevdi: “Ümid edirəm ki, Ulu Öndərlə canlı təmasda olan və o vaxtkı Azərbaycanın gənclər hərəkatının öncüllərindən biri kimi Azay Quliyevlə bugünkü görüş maraqlı olacaq”.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənclərimizlə bağlı qəbul etdiyi proqram və konsepsiyaları qeyd edərək onların uğurlu icrası haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin tarixi əhəmiyyətlindən bəhs edərək rayonda bu sahədə görülən işlərdən danışdı.

Deputat Azay Quliyev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev kimi dahi Şəxsiyyət və böyük dövlət Adamı ilə görüşmək və Onun yaratdığı dövlətçilik məktəbinin iştirakçısı olmaq xoşbəxtliyi mənə də qismət olub: “Ulu Öndər gənclərə o qədər böyük önəm verirdi ki, 1993- cü ilin iyun ayında hakimiyyətə dəvət olunduqdan sonra ictimaiyyət nümayəndələri ilə keçirdiyi ilk görüş, məhz, həmin ilin avqust ayında gənclərlə oldu. Daha sonra Gənclər və İdman nazirliyi yaradıldı, Respublika Gənclərinin 1-ci və 2-ci Forumları keçirildi, “2 Fevral Gənclər Günü” təsis olundu və çoxsaylı qanunlar, qərar və proqramlar qəbul edildi.
Ulu Öndər gənclərə elə bir zəngin və mükəmməl siyasi irs bəxş edib ki, bu siyasi irs hər zaman Azərbaycanın milli maraqlarının təminatına və güclənməsinə xidmət edəcək. Gənclərimiz daima bu siyasi məktəbi dərindən öyrənməli və ona sadiq olmalıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev məhz, bu siyasətə sadiq olaraq torpaqlarımızı işğaldan azad edə bildi”.

Daha sonra Azay Quliyev milli-mənəvi dəyərlərimiz, ölkəmizə qarşı aparılan informasiya müharibəsi, beynəlxalq və geosiyasi vəziyyət, İranın son zamanlar Azərbaycana qarşı törətdiyi təxribatlar və terror aktı, Vətən müharibəsindəki tarixi qələbədən sonra qarşıda duran əsas vəzifələr, Azərbaycanın enerji siyasəti və digər ictimai-siyasi həyatın aktual mövzuları ilə bağlı gənclərimizin çoxsaylı suallarını cavablandırdı.
Tədbirin sonunda YAP Binəqədi rayon Təşkilatının fəaliyyətində fəal iştirakına görə bir qrup gənc fəxri fərmanla təltif olundu.

Gununsesi.info