Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi - Deputat Ermənistanın sentyabr təxribatından danışıb

  • By admin
  • 23 Sentyabr 2022 19:17

Bu gün Finlandiyanın paytaxtı Helsinki də “Avropanın dəyişən təhlükəsizlik arxitekturasında ATƏT və onun Parlament Assambleyasının rolu” mövzusunda keçirilən seminarda iştirak edən Azərbaycanın ATƏT PA- da nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya komitəsinin sədri Azay Quliyev çıxış edib.

Gununsesi.info-nun xəbərinə görə, Azay Quliyev çıxışında ATƏT-i tənqid edib və bildirib ki, ATƏT ərazisində təhlükəsizlik arxitekturasının zədələnməsinin və Helsinki dekoloqunun heçə sayılmasının əsas səbəblərindən biri ikili standartlar və selektiv yanaşmalardır: “Azərbaycanın təcrübəsinə söykənərək deyə bilərəm ki, bu ikili yanaşma, xüsusilə, Ermənistan və Azərbaycan arasında keçmiş münaqişənin həllində özünü göstərdi.

Belə ki, münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu bir tərəfdən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalın qanunsuz nəticələrini legitimləşdirməyə çalışdı, digər tərəfdən, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını Ermənistandan tələb etmədi. Cəzasızlıq mühitindən ruhlanan Ermənistan 30 il Azərbaycanın 20 faiz ərazisini işğalda saxlamağa nail oldu. Lakin, Azərbaycan 2020-ci ildə təkbaşına TŞ qətnamələrini icra etdi, münaqişəni hərbi-siyasi yolla həll etdi”.

Azay Quliyev Ermənistanın sentabrın 12-14 də Azərbaycana qarşı törətdiyi geniş miqyaslı hərbi təxribatı haqqında tədbir iştirakçılarını məlumatlandırıb: “Azərbaycan Ermənistanın təxribatına baxmayaraq, “Brüssel Sülh Gündəliyi”nə sadiqdir və Ermənistanla qısa müddət ərzində sülh sazişi imzalamağa hazırdır. 31 Avqustda Şarl Mişelin vasitəçiliyi ilə keçən Azərbaycan Ermənistan liderlərinin görüşündə sülh sazişinin hazırlanması barədə mühüm razılıq əldə olunmuşdu. Sentyabr ayında hər iki ölkənin xarici işlər nazirləri sülh sazişinin ilkin mətnini hazırlamaq məqsədilə görüşməli idilər. Azərbaycan münasibətlərin normallamasına əlavə töhvə vermək üçün sentyabrın əvvəlində cinayət törətmiş və məhkəmənin hökmü ilə məhkum olunmuş 5 erməni hərbiçisini Ermənistana təhvil verdi. Ancaq, təəssüf ki, Ermənistanın ölkəmizin bu, xoş niyyətinə və siyasi jestinə sentyabrın
12-də Azərbaycana hücum etməklə cavab verdi. Bundan başqa, Ermənistan tərk etdiyi Laçın və ətraf ərazilərə minlərlə yeni mina basdıraraq növbəti dəfə hərbi cinayət törətdi. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan nə Azərbaycanla qalıcı sülhə nail olmaqda, nə də 2020- ci ilin noyabrın 10-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı deyil.
Buna baxmayaraq, hesab edirəm ki, Brüssel danışıqlar formatı hələlik ən uğurlu formatdır və ATƏT və beynəlxalq təşkilatlar Brüssel sülh gündəliyini dəstəkləməlidir”.

Azay Quliyev eyni zamanda bildirib ki, qlobal təhlükəsizliyi təmin etmək üçün BMT TŞ- da ciddi islahatlar aparılmalı, qurumun daimi üzvlərinin sayı artırılmalı və coğrafi balans təmin olunmalıdır.

Gununsesi.info