Milli Məclisin deputatı, Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ilə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Azay Quliyev qonağı salamlayaraq Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyədə olduğunu söyləyib.
Bildirib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf etməkdədir. Xalqlarımız arasında mehriban dostluq münasibətləri mövcuddur və münasibətlərimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanlar var.
Deputatımız qeyd edib ki, iki ölkə arasında səmərəli əlaqələrin inkişafında parlamentlər xüsusi rol oynayır. Azərbaycan Milli Məclisində və Rumıniya parlamentində dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. Bu sahədə münasibətlərin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlər mühüm rol oynayır.
Söhbət zamanı Azay Quliyev Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərindən bəhs edərək, Ordumuzun beynəlxalq səviyyədə tanınmış ərazilərimizi Ermənistanın işğalından azad etdiyini vurğulayıb. Bildirilib ki, hal-hazırda bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, infrastruktur yenilənir, yollar salınır, hava limanları inşa edilir. Lakin torpaqlarımızın erməni qəsbkarları tərəfindən minalanması aparılan quruculuq işlərinə maneçilik törədir. Eyni zamanda, bu minaların partlaması nəticəsində hərbçilərimiz və mülki vətəndaşlarımız həlak olur. Ermənistan tərəfinin təhvil verdiyi xəritələr qeyri-dəqiqdir.
Səmimi görüşə görə təşəkkürünü bildirən Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. O, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib, Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkə rəsmiləri ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Səfir qeyd edib ki, Rumıniya Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir. O, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil, humanitar sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. Münasibətlərin möhkəmləndirilməsində parlamentlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Vasile Soare dövlətlərimiz arasında əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olmasını məmnunluqla vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gununsesi.info