“Azay Quliyevin iradını qəbul edirəm, sığorta şirkətlərinin belə hüququ yoxdur” -Mərkəzi Bankın sədri

Bu gün Milli Məclisdə maliyyə bank sektoru ilə bağlı 20-ə yaxın qanun layihəsi paketi ikinci oxunuşda qəbul edildi.

Gununsesi.info xəbər verir ki, deputatların 1-ci oxunuşda qaldırdığı məsələlərə Mərkəzi Bankın sədri Taleh Kazımov münasibət bildirdi, bir sıra iradları qəbul etsə də bir çoxları ilə razılaşmadığını bildirdi.

Deputat Azay Quliyevin İcbari sığorta bazarında mövcud problemlərilə bağlı qaldırdığı məsələlər haqqında danışan Baş Bankir səslənən iradları qəbul etdiyini bildirdi:

” Deputat Azay Quliyevin icbari sığorta bazarına ictimai etimadın gücləndirilməsi ilə bağlı fikri ilə razıyam. Bu sahədə ciddi problemlər vardır. Mərkəzi Bank bu istiqamətdə müvafiq addımlar atacaq. Digər tərəfdən Sığorta şirkətlərinin vətəndaşlara SMS göndərərək daşınmaz əmlaklarının icbarı sığortasını həyata keçirməyəcəkləri təqdirdə cərimə olunacaqları tələbinin qanunsuz olduğu barədə Azay müəllimin iradını qəbul edirəm. Sığorta şirkətlərinin cərimə tətbiq etmək hüququ yoxdu və bu məsələ yalnız müvafiq dövlət qurumlarının səlahiyyətinə aiddir. O ki qaldı sığorta hadisəsi zamanı vurulan ziyanın düzgün hesablanmamasına, burada da müstəqil qiymətləndirmə mexanizminin vacibliyi ilə bağlı təkliflə razıyam və bu məsələlərin həlli müzakirə olunan qanun layihələrində öz əksini tapıb”.

Xatırladaq ki, iyunun 9-da Milli Məclisdə keçirilən müzakirələr zamanı Azay Quliyev deputat seçildiyi Binəqədi rayonu 9-cu mikrorayon, Cavadxan küçəsi, 4a saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında təbii qazın sızması nəticəsində güclü partlayış baş verməsi səbəbindən tamamilə dağılmış mənzil sahiblərindən birinə təklif olunan sığorta məbləğinin çox az olduğunu bildirmiş, sığorta şirkətlərinin dəymiş ziyanın hesablanmasında və adekvat ödənişlərin edilməsində yol verdikləri ədalətsizliyi diqqətə çatdırmışdı.

Ümid edirik ki, bundan sonra sığorta şirkətləri vətəndaşlara basqı etməyi dayandıracaq və təqdim etdikləri yüksək səviyyəlli xidmətlə onların etimadını qazanmağa çalışacaqlar.

 

 

Gununsesi.info