“Ermənistana təhvil verilən şəxslər Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərin həm rejissorları, həm ssenari müəllifləri, həm də rəhbərləridir.
Onlar öz havadarlarından aldıqları məlumatlardan istifadə edərək, əvvəllər səhra komandiri olmuş və daha sonra yararlanmış şəxslərdir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:
“Kimsə Rusiyanın emissarı qismində Qarabağa çıxıb həmin şəxslərlə əlaqə saxlayıb. Bunlar Azərbaycan xalqı qarşısında ən qatı cinayətləri törədiblər.
Azərbaycan Cinayət Məcəlləsində elə bir maddə yoxdur ki, onların törətdiyi bu ağır cinayətlərə uyğun gəlməsin. Buna görə də, hansısa Vaqiflər və digər selektiv şəkildə seçilmiş şəxslərlə bunları müqayisə etmək düzgün deyil. Artıq prokurorlar çıxış edib, hakimlərin də mövqeyi açıqlanmalıdır.
Çoxu ömürlük həbs cəzasına məhkum olunacaq. Azərbaycan humanist dövlət olduğuna görə digər maddələr tətbiq edilmir, sadəcə, bunlar ömürlük cəza alacaqlar.
Birmənalı şəkildə məhkəmə qərarından sonra onların vəziyyəti barədə düşünmək olar. Ancaq inandırıcı deyil ki, bu şəxslər selektiv şəkildə azad edilsin və ya güzəştə gedilsin. Cinayətlərinin miqyası həddən artıq böyükdür.
Buna görə də bu şəxslər Azərbaycan xalqı qarşısında törətdikləri cinayətlərin məsuliyyətini hiss etməli, dərk etməli və cəzasını aldıktan sonra bu barədə danışmaq mümkündür”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.
Şəbnəm












