“Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatın aparılmasını istəmir”

“Azərbaycan müharibə yaşamış və işğal görmüş bir ölkədir. Bu baxımdan Azərbaycan müharibənin, işğalın və təcavüzün nə olduğunu yaxşı bilir”.

Bu fikirləri Gununsesi.info açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:

“Əgər hazırda İrana qarşı böyük təzyiqlər və hücumlar varsa, Azərbaycan öz tarixi təcrübəsinə əsaslanaraq bu kimi hallarının təhlükəsini anlayır.

Azərbaycan böyük güclərin təsirini və təzyiqini görüb və bundan dərs çıxarıb. Bu səbəbdən ölkəmiz İrandan fərqli olaraq müharibədən qaçınmaq və sülhü qorumaq tərəfdarıdır.

Azərbaycanın İranla münasibətlərin normallaşmasına bir neçə səbəb var:

  • Azərbaycan İrana qonşudur və dinc yanaşı yaşamaq tərəfdarıdır. 
  • İranda milyonlarla azərbaycanlı türkü yaşayır; onların can, mal, mədəniyyət və dilinin qorunması Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. 
  • İranda 80 milyondan çox müsəlman var; Azərbaycan müsəlman ölkəsi olaraq dinc əhalinin zərər görməsini istəmir. 
  • Azərbaycanla İran arasında mövcud ticarət əlaqələri faydalıdır və yaxın gələcəkdə Ağbaba–Kələlə–Araz keçid məntəqəsi fəaliyyətə başlayacaq, bu isə nəqliyyat və infrastruktur əlaqələrini gücləndirir. 

Bütün bunlar göstərir ki, Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatın aparılmasını istəmir və tərəflər arasında danışıqların sülh yolu ilə həllini dəstəkləyir”.

 

 

Şəbnəm

Gununsesi.info