Yaşayış binaları bir qayda olaraq mənzil-tikinti kooperativləri (MTK) tərəfindən tikilir.
Mənzil Məcəlləsinin 109-cu maddəsinə əsasən MTK, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin pay haqlarının birləşdirilməsi yolu ilə binaların tikintisi məqsədi ilə müvəqqəti yaradılan və üzvlüyə əsaslanan könüllü birlik, istehlak kooperatividir. Qısaca: MTK-nin sahibi onun üzvləridir. Həmin üzvlər pullarını pay fondunda birləşdirərək bina tikir. MTK-nin azı 5 üzvü olmalıdır.
Bəs reallıqda necədir? Reallıqda adətən 5 nəfər formal məbləğ, məsələn, hərəsi 50 manat, qoyaraq 250 manat pay fondu olan MTK-ni yaradır. 250 manatla bina tikmək olar? Əlbəttə, olmaz. Heç bir mənzil də almaq olmaz. Buna baxmayaraq vergi orqanı MTK-ni qeydiyyata alır. Gülməlisi odur ki, tikintinin sonunadək də elə MTK-nin üzvləri həmin şəxslər, pay fondu isə elə həmin 250 manat olur. Halbuki, bu müddət ərzində MTK-nin mənzillərini başqa vətəndaşlar alır. Amma sonuncular nədənsə MTK üzvü ola bilmir. Yəni qanuna görə MTK üzvləri olmalı şəxslər (orada mənzil əldə edənlər) onun üzvü ola bilmir. Binada mənzili olmayanlar isə formal məbləğ ödəmək müqabilində MTK-nin üzvüdür. Və təbii ki, MTK-ni də binada mənzil alanlar deyil, onun formal təsisçiləri idarə edir. Beləliklə də, tikintiyə real pul qoyanlar tikintinin idarə olunmasında iştirak etmir. Əksinə, onların qoyduqları pulu formal təsisçilər istədikləri kimi istifadə edirlər. Nəticədə ən yaxşı halda bina gecikmə ilə tikilir. Ən pis halda isə MTK-nin formal təsisçiləri mənzilləri bir neçə şəxsə sataraq daha da çox pul qazanır, xeyli vətəndaş isə ödədiyi pul müqabilində heç mənzil də əldə etmir.
Bəs bütün bu özbaşınalıqlara kim şərait yaradır və ya ən azı qarşısını almır? İqtisadiyyat nazirliyi! Çünki vergi xidməti də, daşınmaz əmlakın reyestr xidməti də onun tabeliyindədir. MTK-ni qeydiyyata alan vergi orqanı niyə soruşmur ki, 250 manatla bina tikəcəksiniz? Tutaq ki, bu ilkin məbləğdir. Bəs sonra? Axı hər satılan mənzilə görə ƏDV ödənilir? Bəs həmin vergini qəbul edən vergi orqanı niyə MTK-yə demir ki, a balam, mənzilləri alanları niyə üzv kimi, onların ödədiyi məbləği isə pay fondunun artımı kimi qeydiyyata aldırmırsan bizdə? Halbuki, vergi orqanı bunu etsəydi, həm vətəndaşların MTK üzərində sahibliyini təmin edərdi, həm də eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını alardı! Lakin bunu etmir. Yekunda da daşınmaz əmlakın reyestr xidməti vətəndaşın halal mənzilinə hüququnu yalnız MTK-nin formal təsisçilərinin iradəsi əsnasında tanıyır. Nəticədə həmin təsisçilər vətəndaşların başına oyun açmağa davam edir: əlavə pullar tələb edirlər, binanı qanunsuz idarə edirlər və s. və i.a.
Odur ki, üzümü tikilən binalarda mənzil alanlara tutaraq deyirəm: MTK-dən tələb edin ki, sizi üzvü kimi qeydiyyata aldırsın. Etməsə, birbaşa vergi orqanına müraciət edərək, bu hüququnuzun təmin olunmasını tələb edin. MTK orada mənzil alanlara məxsusdur, hansısa işbazlara yox. Odur ki, haqqınızı tələb edin.

Əkrəm Həsənov
Vəkil












