“Azərbaycanın TDT üzv dövlətləri ilə ticarəti 2025-ci ildə 7,3 milyard dollara yüksəlib”

“2025-ci ildə Azərbaycanın TDT üzv dövlətlərlə ticarət dövriyyəsi 5 faizdən çox artaraq 7,3 milyard ABŞ dollarına çatıb”.

 Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib:

“Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi 21 milyard ABŞ dollarıdır. Birgə investisiya fondları iqtisadi əlaqələrin möhkəmlənməsində getdikcə böyük rol oynayır.

TDT-nin coğrafi mövqeyi, strateji əhəmiyyəti, təbii sərvətləri və müqayisəli üstünlükləri onun real güc və potensial imkanlarını artırır. Beynəlxalq Valyuta Fondunun 2025-ci ilin oktyabrında hazırladığı “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” sənədinə görə, TDT-yə daxil olan beş dövlətin alıcılıq qabiliyyəti pariteti üzrə ÜDM-i təxminən 5,5 trilyon dollar, nominal ifadədə isə 2,1 trilyon dollara yaxındır. Bu rəqəmlər göstərir ki, TDT nominal ÜDM göstəricisi üzrə dünyada 12-ci, alıcılıq qabiliyyəti pariteti üzrə isə 7-ci yerdədir”.

Deputat qeyd edib ki, üzv dövlətlərdə orta iqtisadi artım tempi 5 faizdən yüksəkdir və bu, dünya ölkələrinin çoxundan öndədir:

“TDT həm ikitərəfli, həm qurumdaxili, həm də beynəlxalq münasibətlər kontekstində əlaqələrini genişləndirərək proqram, qərar və layihələrin sistemli şəkildə reallaşdırılması vasitəsilə iqtisadi, siyasi və qlobal gücünü artırır. Bu, quruma dünya səviyyəsində sülh, sabitlik, əminamanlıq və davamlı tərəqqi naminə təsir və töhfəsini gücləndirmək imkanı verir”.

Şəbnəm

 Gununsesi.info