“Azercell” Qarabağ qazilərinin xidmətində!

  • By admin
  • 18 Mart 2022 17:56

Aparıcı mobil operator Azercell Telekom-un öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslər həyata keçirməklə yanaşı, Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin ailə üzvlərini, eləcə də, sağlamlığını itirən qazilərimizi hər zaman diqqət mərkəzində saxlamağa çalışır. “Azercell Könüllüləri” növbəti səfərini Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Protez Ortopedik Bərpa Mərkəzinin Mürəkkəb Protezləşdirmə Stasionarına edib.

Gununsesi.info  xəbər verir ki, həmin bərpa mərkəzində müalicə alan qazilərimizlə bir neçə gün ərzində görüşlər keçirən “Azercell” əməkdaşları təşkil etdikləri bayram süfrəsində onlara xüsusi sovqatlarını təqdim ediblər.

1-ci və 2-ci Qarabağ müharibəsi veteranlarının keyfiyyətli bağlantıya olan tələbatlarını nəzərə alaraq “Azercell” Mobil Müştəri Xidmətləri komandası da bərpa mərkəzinə baş çəkərək onlara təmənnasız şəkildə 30-dan çox müştəri əməliyyatı həyata keçirdilər. Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq “Azercell-“n Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Qələbə sevincini bizə qazandıran məğrur əsgərlərimizin rabitə imkanlarından daha rahat şəkildə yararlanmaq məqsədilə təşkil olunmuş bu təşəbbüsdən qazilər çox razı qaldıqlarını söyləyərək Azercell əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər.

Xatırladaq ki, bundan öncə Azercell Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş digər bölgələrə də səfər etməyi planlaşdırır.

“Azercell Könüllüləri” xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.

Gununsesi.info