“Azercell”in “sınaq müddəti” oyunu…

  • By admin
  • 14 İyun 2016 18:05

azercell

Xarici şirkətlərin azərbaycalı əməkçilərə qarşı “ikinci sort” məxluqlar kimi davranması geniş vüsət alıb

HTML tutorial

Bu günlərdə Bloomberq agentliyinin “Azercell Telecom”la bağlı açıqlaması təkzib edilsə də şirkətdə ciddi problemlərin olması danılmazdır. Şirkətin Koorporativ Müştərilər üzrə Departamentinin keçmiş rəhbəri Vüqar Sadiq də məhz bu üzdən işdən uzaqlaşdırıldığını iddia edir.

Əmək hüquqlarının pozulmasından narazı olan keçmiş Departament rəhbəri “Azercell” rəhbərliyinin ona qarşı qərəzli mövqedə olmasını vurğulayıb. Bildirib ki, şirkət yerli və beynəlxalq qanunvericiliyi kobud şəkildə pozaraq onu heç bir əsas olmadan qısa müddətdə tutduğu vəzifədən azad edib.

az1

5 aylıq müsabiqədən keçdi, ancaq…

“2014-cü ilin iyul ayında “Azercell Telecom” Korporativ Müştərilər üzrə Departament rəhbəri vəzifəsinə müsabiqə elan etdi. Mən də namizədliyimi verdim. Bu müsabiqə çox peşəkar bir şirkət tərəfindən təşkil olunmuşdu və 3 ay ərzində İsveçdən, Almaniyadan və ABŞ-dan olan mütəxəssislər məni internet vasitəsilə imtahandan keçirdilər. 3  mərhələni keçdiyim üçün məni İstanbula müsahibə üçün dəvət etdilər. Orda rəhbərliklə görüşdük. Nəticə müsbət oldu və artıq 2014-cü ilin noyabr ayında mənə iş təklif olundu. Mən təklifi qəbul etdim. Lakin sənədləşmə məsələsi başlayanda bir məsələ məni narahat etdi. “Azercell”lə bağlanan müqavilə müddətsiz olsa da orada 3 aylıq sınaq müddətinin verildiyi bənd salınmışdı. O zaman mən insan resursları departamentindən bunun səbəbini soruşdum. Mənə bildirdilər ki, bütün müqavilələr standartdı, bu, formal bir şeydi, ona əhəmiyyət verməyin. Mən də sadəlövlüyümdən irəli gələrək buna razılaşdım. Artıq dekabrin 1-dən işə başladım”.

Bütün problemlər də məhz həmin müddəadan başlayıb. “Azercell”ə yeni prezident təyin olunan kimi V.Sadiq “təhlükəli əməkdaş” kimi qara siyahıya düşüb və onun işdən uzaqlaşdrılmasına imkan verən “sənəd” tapılıb. Şirkət “sınaq müddəti”ni bəhanə edərək cəmi 3 aydan sonra V.Sadiqə işdən azad ediləcəyi haqda xəbərdarlıq verib. Əslində isə səbəb başqadır. V.Sadiq rəhbərlik etdiyi departamentdə çox böyük nöqsanlar, korrupsiya faktları üzə çıxarıb.

“Onları aradan qaldırmaq üçün ciddi, kəskin addımlar atmaq lazım idi. Lakin təəssüf ki, əvvəlki rəhbərlik dəyişdikdən sonra 2015-ci il yanvarın 5-dən yerli işçi prezident oldu. Onun mənim işimdən xəbəri yox idi. Rəhbərlik dəyişdikdən sonra orada olan gərginlik daha da artdı. Ona görə də sınaq müddəti məsələsini bəhanə gətirərək fevralın 26-da məni işdən azad etdilər. Çox istədim ki, bunun səbəbini aydnlaşdırım lakin müvəffəq olmadım. Azərbaycansayağı mənə dedilər ki, belə məsləhətdi”.

“TeliaSonera” da susur

Əsassız olaraq  işdən çıxarılmasına etiraz etdikdə isə şirkət V.Sadiqlə yenidən müddətli müqavilə bağlamaq istədiyini bildirib. Səbəb kimi yenidən 3 aylıq sınaq müddəti vermək istədiklərini göstəriblər.

“Mən də buna etiraz etdim. HR departamentin rəhbəri mənə məktub yazdı ki, əgər siz buna razılaşmasaz, biz sizi işdən azad edəcəyik. Yəni, zorakılıqla məni uzaqlaşdırmaq plan;ndan istifadə etdilər. Mən fevralın 27-də təzyiq altında həmin sənədi imzaladım. Öz qeydlərimi də etdim ki, bununla razı deyiləm”.

Xatırladaq ki, “Azercell” İsveç-Finlandiya telekommunikasiya nəhəngi olan “TeliaSonera”  şirkətinin törəməsidir və İstambulda yerləşən Avrasiya ofisi tərəfindən idarə olunur. Gürcüstandakı “Geocell”, Qazaxıstandakı “Keycell”, Özbəkistandakı “Ucell” və Nepaldakı “Ncell” bu şəbəkəyə daxildir.

Belə vəziyyətdə “TeliaSonera”nın İstanbuldakı Avrasiya ofisinə müraciət edən V.Sadiqin bu cəhdi də boşa çıxıb. Onlar problemin “Azercell”in daxili işi olmasını əsas gətirərək  yardım edə bilməyəcəklərini bildiriblər.

az2

Məhkəmələr də  “Azercell”ə qarşı çıxa bilmirlər

Sonradan digər sənədlərin də saxtalaşdırıldığını vurğulayan V.Sadiq 3 ay müddət başa çatandan sonra işə bərpa olunması üçün məhkəməyə müraciət edib. Lakin hər 3 instansiyada onun iddiası təmin edilməyib. Son olaraq Konstitusiya Məhkəməsinə müraciət edib.

“Mən bunun günahını “TeliaSonera” da görürəm. “Azercell”dəki  davranış baş ofisdə tənzimlənir. Ona görə də bu məsələni birbaşa onların qarşısında qaldırmışam. Mübarizəmi davam etdirəcəm. “TeliaSonera”-dan gələn daxili əxlaq kodeksi var. Onun heç bir cümləsi pozula bilməz. Biz buna imza atmışıq, amma niyə onun kim tərəfindənsə pozulmasına baxılmır? Onlar öz işçiləri, öz vətəndaşları üçün başqa qaydalarla işləyirlər, bizim azərbaycanlılara isə başqa cür yanaşırlar. Onsuz da “Azercell”də diskiminasiya faktları var, onsuz da ikili standartlar var. Bu insan haqlarının pozulmasıdır”.

“Azercell”-də diskriminasiya baş alıb gedir

V.Sadiq “Azercell”-dəki diskriminasiya hallarına sadə bir misalı qeyd edib:  “Azercell”də departament direktorlarının hamısına xidməti maşın verilir.  Xaricilər üçün həm maşın, həm də sürücü verirlər, yerlilərə ancaq maşın. Axı daxili nizamnaməyə görə heç kimə sürücü düşmür. Ola bilsin 2-3 ay yolu tanıyana kimi olar. Amma onlar xaricidi deyə dillənmirlər. Sürücülər də şirkətin hesabına maliyyələşirlər”.

Şirkətdəki diskriminisay və korrupsiya faktları ilə bağlı əlində xeyli sənədlərin olduğunu deyən V.Sadiq vaxtı çatanda onları ictimaiyyətə açıqlayacağını vurğulayıb. Bildirib ki, ikili standartlarla bağlı  Avropa İnsan Haqları Məhkəməsində dava açacaq.

Müsabiqə ilə işə qəbul edilənlərə sınaq?

Qeyd edək ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nə və digər qanunvericilik aktlarında  müsabiqədən keçərək işə qəbul edilən şəxlərlə bağlı ayrıca müddəalar  yer alıb. Həmin Məcəllənin 50ci maddəsinin 3-cü bəndinə əsasən, müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər.  Elan olunan müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Ancaq qanunvericiliklə müsabiqədən keçərək vəzifəyə qəbul edilən şəxslərə sınaq müddəti müəyyən edilmir.

Digər hallarda isə işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Bu müddəalar beynəlxalq qanunvericiliyin tələblərinə də uyğundur.

Diskriminasiya yolverilməzdir

“Əmək Məcəlləsi”nin 16-cı maddəsində isə əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi nəzərdə tutulub: “Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır”.

Qanuna  zidd çıxarılan məhkəmə qərarı

Problemə əməkçilərin hüquqlarını müdafiə edən dövlət qurumlarından münasibət öyrənməyə çalışdıq. Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Tərlan Mürsəlov bildirdi ki, V.Sadiqin qaldırdığı məsələ ilə bağlı artıq məhkəmənin qərarıqüvvəyə minib. Ona görə də müfəttişlərin bu məsələni şərh etməsi, münasibət bildirməsi yersizdir.

“Azercell Telekom” MMC-nin də məsələyə münasibəti qısa olub:

“MMC-nin keçmiş əməkdaşı Vüqar Sadiqin iddiası əsasında onunla Azercell arasında mübahisəyə məhkəmələrdə  baxılıb və iddia tələbləri əsassız olduğundan rədd edilib. İş üzrə qəbul edilmiş qərarlara son instansiya olan kassasiya instansiyası tərəfindən də baxılıb və qərar qüvvədə saxlanılıb. Bütün məhkəmə instansiyaları (rayon məhkəməsi, apelyasiya məhkəməsi və ali məhkəmə) iddianı əsassız sayaraq vətəndaşa qarşı heç bir qanun pozuntusu halını aşkarlanmayıb və Azercell şirkətinin xeyrinə qərar qəbul edilib”.

Bilavasitə əmək münasibətlərinin tənzimlənməsi sahəsində təcrübəsi olan hüquqçuların münasibətini də öyrəndik. Hüquqşünas Elnur Əliyev bildirib ki, qanunvericiliyə əsasən, müsabiqə yolu ilə işə qəbul olunmuş şəxslərlə əmək müqaviləsi sınaq müddəti müəyyən edilməklə bağlana bilməz. Bununla belə tərəflər sınaq müddəti ilə əmək müqaviləsinin bağlanması barədə razılığa gəliblərsə və hər iki tərəf müqavilə üzrə öhdəliyini icra etməyə başlayıbsa, müqavilə leqallaşıb.

“Əmək Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq tərəflər sınaq müddəti ərzində 3 gün əvvəlcədən məlumat verməklə əmək müqaviləsini ləğv edə bilər. Demək ki, V.Sadiqin məsələsində ləğvetmə qanuni olub. Həmçinin, artıq bütün instansiya məhkəmələrinin məsələyə münasibət bildiribsə və Ali Məhkəmə qərarı qüvvədə saxlayıbsa artıq məsələnin Azərbaycan daxilində həll variantı yoxdur”.

Ümid Avropa Məhkəməsinə qalıb

E.Əliyev əlavə edib ki, qanunvericiliyə uyğun olaraq Ali Məhkəmənin qərarında şərh edilən məsələlər məcburidir və məhkəmə qərarının qüvvəyə minməsi tərəflər arasında eyni  əsasla eyni predmet barəsində inzibati orqanlarda və ya məhkəmədə işə baxılmasını istisna edir.

“Deməli, işə daha nə məhkəmələrdə nə də müfəttişlikdə baxıla bilməz. O ki, qaldı beynəlxalq instansiyalar və Konstitusiya Məhkəməsinə, mənə məlum olan faktlar çərçivəsində bu iş perspektivsizdir. Çünki hüquq pozuntusu yoxdur. Avropa Məhkəməsinə müraciət isə yalnız məhkəmə prosesində qanunsuzluqlar olubsa, effekt verə bilər.

Hüquqşünas Tağı Qənbərov da V.Sadiqin öz hüquqlarını bərpa etmək cəhdlərinin perspektivsiz olduğu qənaətindədir. “Çünki Avropa  Məhkəməsi, adətən, bu cür işləri icraata qəbul etmir. Lakin burada bir istisna da var. V.Sadiq ədalətli məhkəmə araşdırılması hüququnun pozulması tələbi ilə Avropa Məhkəməsinə müraciət edə bilər. İnsan hüquqlarının və əsas  azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının  6-ci maddəsinin (Ədalətli Məhkəmə araşdırması)  pozuntusu olmasını əsaslandırmaqla Avropa Məhkəməsinə müraciət etmək olar”.

Xarici şirkətlərin azərbaycalı əməkçilərə qarşı “ikinci sort” məxluqlar kimi davranması geniş vüsət alıb.  Hələ də dövlət orqanları, məhkəmələr onların qarşısında acizdir. Növbəti qurban kim olacaq?

Fərqanə Allahverdiqızı