AZİNNEX-i görən olubmu?

Əvvəllər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə İT şirkətlərin bir ictimai qurumu, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZİNNEX) yaradılmışdı .

Ölkənin ən “bərkgedən” İT şirkətləri, “BESTCOMP”, “SİNAM”, “R.İ.S.K”, “İDRAK”, “Cybernet”, “ULTRA”, “BEST Solutions”, “İnnovasiyalar Mərkəzi” MMC və s. bu Konsorsiumun üzvləri idi.
İlk zamanlar bir neçə faydalı addımları da müşahidə olunmuşdu.

Uzun müddətdir ki, bu qurumdan xəbər yoxdur. Düzü, bəlkə də AZİNNEX fəaliyyətini dayandırıb, yaxud özünü buraxıb, məlumatsızam.

Görünən odur ki, qurum ekosistemlə maraqlanmır, sektorun inkişafına töhfə vermir, müzakirələr və tədbirlər təşkil etmir, təkiflər vermir.

Konsorsiuma daxil olanların əksəri də xırda-xırda dövlət şifarişlərindən bəhrələnməklə, ildə bir neçə tenderdə “qalib gəlməklə” işlərini bitmiş hesab edirlər.
Çox əhəmiyyətli bir qanun layihəsi, ” Dövlət satınalmaları haqqında “ Qanun layihəsi müzakirəyə çıxarılıb, amma adı çəkilən qurumdan, öndə gedən biznes qurumlardan bir tərpəniş və təkliflər, reaksiyalar yoxdur.

İRİA bir xeyli İT şirkətlərə Prezidentin müvafiq fərmanı əsasında İKT güzəştləri təqdim edir.
Amma bu qurumlardan bu istiqamətdə, prosesin daha təkmil qurulması istiqamətində təkliflər və təşəbbüslər gözə dəymir.

Hansı ki, qonşu ölkələrdə müşahidə edirik ki , rəqəmsal hökumət quruculuğunun geniş tətbiqi və innovativ iqtisadiyyatın inkişafı üçün özəl sektor çox mühüm rol oynayır.

AZİNNEX-in təşəbbüskar olmadığı, passivliyi və fəaliyyətsizliyi göz önündədir.
Eyni zamanda, düşünmək olar ki,  E-Gov səlahiyyətləri ASAN-dan alınandan sonra Konsorsiumun təşəbbüskarı olan bu dövlət qurumunun da sektora marağı bir qədər azalıb.

Belə olan halda isə, düşünürəm ki, sektorda dövlət dəstəyindən effektiv istifadə və bunun gücləndirilməsi, həmçinin İT ixracda mövcud maneələrin aradan qaldırılması üçün RİNN və İRİA da maraqlı tərəflərlə birgə səylərini artırmalıdır.

 

Osman Gündüz

Gununsesi.info