Azıx mağarasından son görüntülər – FOTOLAR

  • By admin
  • 27 Mart 2021 19:52

Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları ərazilərdə təkcə şəhər və kəndlərimizi, təbii sərvətlərimizi talayıb dağıtmayıblar, həm də Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Xalqımıza məxsus yüzlərlə daşınmaz tarixi, mədəni və dini abidələr dağıdılıb, təhqir edilib, saxtalaşmaya və mənimsənilməyə məruz qalıb.

Gununsesi.info  xəbər verir ki, Qarabağda ermənilərin ziyan vurduqları tarixi irsimizdən biri də nəinki Azərbaycanın, eləcə də dünyanın nadir mədəni sərvətlərindən olan Azıx mağarasıdır. Xocavənd rayonu ərazisində, dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə, Quruçay yatağında yerləşən Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Azərbaycan alimlərinin 1960-cı ildən başlayaraq burada apardığı tədqiqatlar nəticəsində mağaranın qədim yaşayış məskənlərindən biri olduğu üzə çıxıb. Burada aşkar olunan qədim insana məxsus alt çənə sümüyünün 350-400 min il yaşı var. Azıx mağarasında çənə sümüyündən başqa qədim insanlara məxsus müxtəlif alətlər və ocaq izləri də aşkar olunub. Bu alətlərin 1-1,5 milyon il əvvələ aid olduğu güman edilir.

Erməni işğalçıları bir müddət Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıb, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar. Bu kimi fəaliyyətləri ilə onlar beynəlxalq humanitar hüququ, UNESCO–nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvensiyasının müddəalarını da kobud şəkildə pozublar.

Prezident İlham Əliyev Azıxda olduğu zaman bildirib ki, “Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik”.

Bu günlərdə bir qrup media nümayəndəsi Xocavənd rayonuna səfəri zamanı Azıx mağarası ilə də tanış olub. Tarix elmləri doktoru, professor Əsədulla Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 1970-1987-ci illərdə Azıx mağarasında aparılan tədqiqat işlərində iştirak etdiyini deyib.

“Azıx nəinki Azərbaycan arxeologiyasında, paleontologiyasında, eyni zamanda, qədim insanların yaranması və formalaşmasını öyrənmək üçün dünyada ən mühüm poleoid düşərgəsidir. Azıxda tapılmış maddi-mədəniyyət qalıqları əsasında Quruçay, qədim Aşil, orta Aşil, Mussey mədəniyyətləri və digər mədəniyyətlər öyrənilir. Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə uyğunluq təşkil edir. Mən deyərdim ki, Azıx mağarası öz əhəmiyyətinə görə Olduvaydan da üstündür. Çünki Olduvay açıq, Azıx isə mağara düşərgəsidir”, – deyə o qeyd edib.

Ə.Cəfərov bildirib ki, ermənilər Azıx mağarasında qanunsuz qazıntılar aparmaqla düşərgənin straqrafiyasını, onun planını tamamilə korlayıblar. Mədəni təbəqələri pozub, dağıntılar aparıblar. Bu, nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasına vurulmuş böyük zərbədir.

Azıx mağarasından son görüntülər

Azıx mağarasından son görüntülər

Azıx mağarasından son görüntülər

Azıx mağarasından son görüntülər

 

Gununsesi.info