
Azərbaycanın akademik potensialının yüksəlməsinə daim dəstək olanAzersel Telekom MMC-nin 2008-ci ildən start verdiyi Tələbə Təqaüd Proqramının növbəti qalibləri müəyyən olunub.Şirkətin 1 oktyabr 2016-cı il tarixində elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələrinə görə, Azərbaycan Universitetlərində təhsil alan 27 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.
AzMİU-nun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə SABAH qruplarının Memarlıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Təhminə Əzimzadə Azersellin Təqaüd Proqramını qazanıb. SABAH qrupları rəhbərliyinin təşəbbüsü ilə bu proqrama qatılan və uğur əldə edən tələbəmizi təbrik edir, ona təhsildə daha yüksək zirvələr, yeni qələbələr arzu edirik.
Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsində (01 noyabr – 10 noyabr, 2016) tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr – 27 Dekabr, 2016) onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Bundan əlavə, tələbələr “Azercell”in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.
Məlumat üçün qeyd edək ki, bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə Azersellin təqaüdçüsü adına layiq görülüb.
Gununsesi.info