Bir sıra vətəndaşlar “AzParking” MMC-nin fəaliyyətindən narazıdır. Sosial şəbəkələrdə yazılan şərhlərdən belə aydın olur ki, vətəndaşın işlədiyi ofisin, hətta evinin qarşısı belə parkanma sahəsi olaraq qeyd olunur və buna görə ödəniş tələb edilir, ödənilmədikdə isə cərimə yazılır. Bunu edənlərin “AzParking” əməkdaşları olduğu iddia edilir.
Gununsesi.info xəbər verir ki, məsələyə münasibət bildirən deputat Fazil Mustafa Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə parklanma sistemi təkmilləşdirilməlidir:
“Evlərin, binaların qarşısında bu cür məhdudiyyətlər qoymaqla məsələ həllini tapmır. Böyük parklanma əraziləri salınmalıdır. Dövlət bunun üçün yer ayırmalıdır və buradakı xidmətlərin müqabili vətəndaşın cibinə uyğun olmalıdır.
Park yeri yoxdursa, vətəndaş avtomobilini harada saxlamalıdır?!
Alternativlər demək olar ki, çox azdır. Sakinlərin çoxu bundan əziyyət çəkir. Yeni qurumun yaradılması hər hansı şəkildə məsələnin həllinə kömək etmir. Müəyyən tədbirlər görülməlidir, amma proseslər vətəndaşların narazılığına səbəb olur. Bu da böyük sosial narazılıq elementlərini ortaya qoyur. Ona görə də məsələnin həlli üçün optimal yol tapılmalıdır”.
Gununsesi.info