“Aztelekom” büdcə hesabına yenilənən internet xətlərinə görə əhalidən pul tələb edir

  • By admin
  • 30 İyul 2024 12:09

Bir neçə müddətdir ki, “Aztelekom”un ölkənin bir sıra şəhər və rayonlarında internet xətlərinin yenilənməsi prosesi ilə bağlı  işlər aparılır.

Rəsmi açıqlamda bu işlərin Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəldiyi bildirilir.

Ancaq bununla belə dövlət büdcəsindən milyonlarla vəsaitin hesabına həyata keçirilən bu layihələrə görə  vətəndaşlardan da pul tələb olunur.

Gununsesi.info-ya müraciət edən Mingəçevir şəhər sakinləri  belə yazır.

“Hörmətli, redaksiya!

Aztelekom”un ərazi üzrə xidmətlərindən əhaliyə bildiriblər ki, birdəfəlik 110 Azn ödəyərək onların internetini qəbul etsinlər, əks halda nömrələri əllərindən alınacaq.

Biz  Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin bölgələr üzrə 170 qaynar xəttinə müraciət edəndə isə qəribə cavab aldıq. Bildirdilər ki, “bizim internetə qoşulmaya bilərsiz, lakin 110 Azn əlavə ödəyib nömrənizi özünüzdə saxlaya bilərsiz“. 

Uzun illərdir ki, nömrələrimiz var. Bu bizim əmlak sayılır. Niyə, özümüzə məxsus telefon nömrəsi üçün pul verməliyik. Xahiş edirik ki, bu məsələni işıqlandırasınız”.

Məsələ ilə bağlı Aztelekom MMC Gununsesi.info-nun sorğusuna belə cavab verib:

“Sorğunuza cavab olaraq bildiririk ki, “Aztelekom” MMC tərəfindən abunəçilərə “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Network) texnologiyasının tətbiqi ilə bağlı yeni xidmətlə əlaqədar ətraflı məlumat və təkliflər verilir. Belə ki, abunəçilərə məlumat verilərkən yeni xidmətlərə qoşulma və güzəşt şərtləri (aşağıda qeyd edilib) izah olunur. Abunəçilər yeni nəsil GPON texnologiyası əsasında təmin edilən xidmətlərə qoşulmağa məcbur edilmir və GPON şəbəkəsi üzərindən verilən xidmətə qoşulmaq istəməyən abunəçilərə əvvəlki xidmətlərin göstərilməsi davam etdirilir.

“Aztelekom” abunəçilərinə “170” Çağrı Mərkəzi vasitəsilə aşağıda qeyd edilən məlumatlar təqdim olunur.

  • “Aztelekom”un Optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​: 

12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

  • “Aztelekom”un ADSL xidmətindən Optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

Yalnız telefon xidməti (yeni abunəçi) – 30 AZN qoşulma haqqı, 110 AZN ONT modem üçün ödəniş edir.

Yalnız telefon xidməti (mövcud abunəçi) – 0 AZN qoşulma, 110 AZN ONT modem üçün ödəniş edir”.

 

 

Günel Həsənova

Gununsesi.info