AzTV niyə alqışlandı? - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 25 Oktyabr 2022 09:00

Azərbaycandakı hüquqi-sosial ədalətsizliklər  qədər  rəsmi Bakının  Rusiya ilə müttəfiqlik yolunu tutması da   ölkə vətəndaşını hökumətdən  narazı salan əsas məqamlardan biri idi.

Məhz bu səbəbdəndir ki, AzTV-nin Rusiya əleyhinə son  sujeti sosial şəbəkələrin əsas gündəmi oldu.

HTML tutorial

Bu materialın yayımı ilə AzTV saysız-hesabsız vətəndaş təşəkkürləri alıb.

Bəlkə də insanların AzTV-yə elliklə əl çalması bir ilk idi.

Çünki, Azərbaycan vətəndaşı torpaqlarımızın işğalında Rusiyanın rolunu açıq dərk edir.

AzTV zaman-zaman Azərbaycandan insan haqlarına hörmət tələb edən ABŞ-ı, Avropa ölkələrini ermənipərəstlikdə ittiham edib. Amma hər dəfə bu tipli materiallar cəmiyyətimizdə ikrah doğurub.

Çünki, xalq işğalçını yaxşı  tanıyır. 

Əlbəttə, Azərbaycanın Rusiyanın Ukraynaya faşist hücumundan sonra tutduğu  yol yanlış idi.

 

 

Özünə hörmət edən bütün ölkələr xeyirlə şərin savaşında haqlının yanında olduğu halda Azərbaycan seçimini etmədi.

Halbuki, ABŞ-dan, Avropadan qabaq Rəsmi Bakı Rusiya işğalına qarşı çıxmalı idi.

Çünki, 30 il işğala məruz qalmağın, onun ağır nəticələrinin nə olduğunu özümüz yaşamışdıq.

Bizim  yarımçıq qalmış Qarabağ məsələmiz var” əsaslandırması da özünü aldatmaq idi.

Rusiya heç zaman maraq dairəsində olan ölkələr arasındakı münaqişələrin nizamlanmasında səmimi olmayıb.

“Brüssel görüşləri”nin Azərbaycan və Ermənistanı sülhə nə qədər yaxınlaşdırdığını gördük, amma sentyabrda Rusiyanın Ermənistan  daxilindəki qüvvələrin əliylə təxribatı bu prosesi az qalmışdı ki, dayandırsın.

Bu gün Qarabağ məsələsinin həllində kiçik sərhəd insidentinə,  həm də  “Göyçəyə giririk”, “Göyçə Gölü bizdədir” kimi  yersiz qaragüruhçu təbliğatlara görə Avropanın, Amerikanın ciddi təzyiqlərinə məruz qaldıq.

Bu həm də bizdən Rusiya sevgisinin bir acığı idi.

Dövlətlərarası bütün təşkilatlarda – AŞPA, ATƏT PA və  BMT -də Rusiya əleyhinə haqlı qərarlarda “WC diplomatiyası” apardıq.

Məhz bunun nəticəsidir ki, Avropa İttifaqı ilə yeni qaz sazişinin mürəkkəbi qurumamış Borrel səviyyəsində sərt tənqid olunduq. BMT də təkləndik, AŞ PA -da işğalçılıqda günahlandırıldıq.

İndi yeni dönəmdir.  Ziyanlı yolun yarısından da qayıtmaqla biz gələcək təhlükəsizliyimizə ABŞ-dan, Avropadan  təminat ala bilərik.  Yetər ki, bu prosesdə özümüzü sivil dövlətlərin sırasında   təqdim edək.

O zaman dünyanı inandıracağıq ki, bu münaqişə Putinin həllini istəmədiyi münaqişədir.

Pərviz Həşimli 

Gununsesi.info