Türkiyədə səfərdə olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Ankarada TRT-nin sədri Mehmet Zahid Sobacı ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb və razılaşma əldə olunub. Bura ortaq bədii və sənədli filmlərin çəkilməsi, cizgi filmlərinin hazırlanması, həmçinin, xəbər sahəsində birgə əməkdaşlıq kimi mühüm məsələlər daxildir.
Daha sonra TRT-nin studiyalarına, yaradıcı və texniki mərkəzlərinə baxış olub, təcrübə mübadiləsi aparılıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.
Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də, İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.
QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.