Vəkil Bəhruz Bayramov: “Telman təcridxanada həyatına qəsd edib”

  • By admin
  • 25 İyun 2016 13:53

bayramova (2)

“Oğlum Telman Bayramov Bakı Şəhər İstintaq Təcridxanasında Yasamal Rayon 29-cu Polis Bölməsində ona qarşı göstərilən qərəzli münasibətə görə ölüm aclığı aksiyasına başlayıb. Həyatı təhlükədədir. Oğlumun başına bir iş gələrsə, məsuliyyəti Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin üzərinə düşəcək”.

HTML tutorial

 

bayramova (1)Bu haqda Gununsesi.info-ya 12 illik məhbəs həyatından azadlığa çıxdıqdan sonra şərlənərək yenidən həbs edildiyi iddia olunan Telman Bayramovun anası, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 64 ünvanında yaşayan Fizzəxanım Bayramova bildirib.

Onun sözlərinə görə, T.Bayramov 2016-ci il martın 13-də həbsdən azad olunub. Lakin ananın oğlunu azadlıqda görmək sevinci uzun sürməyib: “Oğlum Qobustan Qapalı Həbsxansında 12 il cəza çəkib. Həbsdən azad edildikdən sonra sevinirdim ki, oğlumu yenidən tapmışam. Xəstə idi, hədsiz arıqlamışdı. Qulluq edirdim, bir az özünə gəlmişdi ki, aprelin 26-da 29-cu Polis Bölməsinin Qafqaz adlı sahə müvəkkili evə zəng vurdu. Dedi ki, “Uçastkoviyam, Qafqazam. Telman lazımdır”. Soruşdum, nə məsələdir, ay oğul, cavab verdi ki, bəzi sənədlər var, oğlunuz ona imza atmalıdır. Durdular, iki qardaş Polis sahə məntəqəsinə getdilər. Elə oraya çatan kimi 5-6 nəfər mülki geyimli şəxs girib içəri. Deyiblər ki, “Telmanı rəis görmək istəyir. İdarəyə gedəcəyik”. Gözləhagözlə, nəhayət, rəis gələndə də stolun üstünə 101 qram narkotik maddə qoyublar. Deyiblər, “sənin cibindən çıxdı”. Belə şeymi olar? Polis idarəsinə çağrılan axmaq cibinə 101 qram narkotik maddə qoyub rəisin qəbuluna gedərmi? Doğrusu, anlaya da bilmirik, nə məsələdir, Mənim oğlum qırçı adamdır. Heç kimlə qəsd-qərəzliyi də yoxdur. Niyə oğluma belə tələ qurduqları da bizə çatmır. Hazırda oğlum Kürdəxanıda İstintaq Təcridxanasında saxlanıır. Şikayət etmədiyimiz yer qalmayıb”.

bayramova (2)   F. Bayramova bildirib ki, hazırda oğlunun həyatı təhlükədədir. Sözügedən məsələyə aydınlıq gətirmək üçün Gununsesi.info-nun əməkdaşı Telman Bayramovun vəkili Bəhruz Bayramovla əlaqə saxlayıb. Vəkil Bəhruz Bayramov bildirib ki, müvəkilinə açılan cinayət işi qondarmadır: “Bütün bunlar quramadır. Bununla bağlı şahidlər də var. Vəsatət də vermişəm. Müvəkkilimin başına gələn hadisə quramadır: “ Telman yenicə həbsdən çıxmışdı. Özü də , anası da xəstədir. Azad olunduqdan sonra demişdi ki, bu həyatdan uzaqlaşıram. Yəni cinayətdən və həbsxanadan. Bütün normal Azərbaycan vətəndaşları kimi sakit həyat arzusunda idi. Az keçməmiş sahə müvəkkili zəng edərək, onu polis məntəqəsinə çağırıb. Guya, sabiq məhbusla prosedur qaydalarına görə, hansısa sənədə imza atmalı imiş. Amma onlar polis məntəqəsinə getdikdən sonra nədənsə, dəvətin səbəbi – imza atılmalı sənəd ortaya çıxmayıb. Onu həbs ediblər. Səbəb kimi isə, guya, üzərindən çıxan 101 qram narkotik maddə əsas götürülüb”-, deyə o bildirib.

Bəhruz Bayramovun sözlərinə görə, Telman Bayramovun həbs edilməsində məqsəd ondan ibarətdir ki, 12 il həbsdə olan şəxsdir. Guya, azadlıqda qalsa, yenidən cinayət törədə bilər: “Polisin əl atdığı köhnə üsullardan biridir. Bu adam isə, ümumiyyətlə, belə şeylərdən uzaqdır. Narkotik maddə ilə bağlı tərtib edilən sənədə imza atmadığı üçün Telmana işgəncə veriblər. Lakin buna baxmayaraq, o heç bir sənədə imza atmayıb. Hal-hazırda Bakı İstintaq Təcridxanasında aclıq edir. Bir aydır, aclığı dayandırmır. Ombudsman Aparatından da gəlib ona baş çəkiblər. Telmanın aclığı dayandırmamasında məqsəd, hüquqlarının bərpa edilməməsidir. Axı, keçmiş məhbus nə istəyir ki? Sadəcə, ömrünün qalan hissəsini azad və namusla yaşamaq, ailə qurmaq istəyir. Həbsdə uzun müddət olub deyə, yenidən həbsxanaya qaytrılmalıdırmı? Telman Bayramov deyir ki, əvvəl cinayət törətmişdim, cəzamı da çəkdim. Amma polis əməkdaşları məni şərləyib yenidən həbsxanaya qaytarıblar”-, deyən vəkil bildirib ki, hazırda müvəkkilinin vəziyyəti çox kritikdir: “Telman təcridxanada bir neçə dəfə həyatına qəsd edib. Özünü asmaq istəyib. Lakin vaxtında edilən müdaxilə sayəsində sağ qalıb”.

Telman Bayramovun həbs edilməsində xüsusi rol oynayan və adı çəkilən Qafqaz adlı sahə müvəkkiliylə əlaqə saxladıq. Adıçəkilən şəxs məsələdən xəbər tutanda, “Mənim bu işdən xəbərim yoxdur” – deyib dəstəyi asdı. Sonrakı zənglərimiz isə cavabsız qaldı.

Qeyd edək ki, Azərbaycanda Telman Bayramov kimi sabiq məhbusların əksəriyytəti azadlığa çıxdıqdan az sonra oxşar hadisələrlə yenidən həbs edilir.

 

Gülnaz Qənbərli