Bələdiyyə qulluqçularının hüquq və vəzifələri - FƏRMAN SALMANLI

  • By admin
  • 15 Mart 2018 18:44

 

Bələdiyyə məsələləri üzrə ekspert

Yerli özünü idarəetmə orqanlarının yaradılmasında və inkişaf etdirilməsində məqsəd sakinlər tərəfindən bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində daha çox söz sahibi olmaq və tədricən dövlətin bu sahədə yükünü azaltmaqdır. Lakin bu hələlik Azərbaycan bələdiyyələri üçün heçdə asan məsələ deyil. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra hakimiyyətə gəlmiş bolşevik höküməti tərəfindən bələdiyyələrin ləğv edildiyi və  yerli özünü idarəetmə sahəsində yaranmış 79-illik boşluqdan sonra müstəqil Azərbaycan Respublikasında yenidən təsis edilmiş bələdiyyə orqanları xarici dövlətlərin bələdiyyələri ilə müqayisədə daha gənc və təcrübəsizdir. Nəzərə alınmalıdır ki, uzun illər boyu dövlət aparatının nəzarətində olan və dövlətin maliyyə gücü ilə həll edilən məsələlərin bələdiyyələrə  həvalə edilməsi  mərhələli şəkildə həyata keçirilsədə yeni yaranmış və maliyyə gücü zəif olan bələdiyyələr üçün müəyyən çətinliklərə səbəb olur.

Bütün bu çətinliklərə baxmayaraq yerli problemlərin həllini üzərlərinə götürmüş bələdiyyələrin, abadlıq və quruculuq işlərinin uğurla aparılmasında, yerli iqtisadi, sosial müdafiə, ekaloji, sosial inkişaf proqramlarının və  layihələrin həyata keçirilməsi prosesində bələdiyyə orqanlarında vəzifə tutan peşəkar və məsuliyyətli bələdiyyə qulluqçularının xüsusi rolu və iştirakı vardır.

Qanunvericiliyə əsasən bələdiyyə qulluqçuları kimlərə deyilir və hansı mərhələləri keçməklə bələdiyyə qulluğuna qəbul olmaq mümkündür? Bələdiyyə qulluğu haqqında Azərbaycan  Respublikasının Qanuna əsasən yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxslər bələdiyyə qulluqçusu hesab edilir. Bələdiyyə qulluqçuları yerli özünü idarə orqanlarında xidməti vəzifələrinə seçkilər vasitəsiylə deyil “Bələdiyyə qulluğu haqqında”Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin ikinci hissəsinə əsasən müsabiqə yolu ilə qəbul edilirlər. Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının qanununa əsasən seçki yolu ilə seçilmiş bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.

Hər peşə sahibi kimi bələdiyyə qulluqçusu olaraq çalışan və yaxud bələdiyyə qulluğuna qəbul olmaq istəyən şəxs və yaxud şəxslər sakinlərə xidmət sahəsində çalışacaqları ilə əlaqədar olaraq  bələdiyyə qulluqçusu olmasından irəli gələn hüquq və vəzifələrini bilməli, zərurət yaranarsa  vəzifələrindən irəli gələn haqlarını tələb etməyi bacarmalıdırlar.Yəni bələdiyyə qulluqçusunun hüquq və vəzifələri bir bütöv olaraq vəhdət təşkil edən normalardır. Tədricən dövlət tərəfindən bələdiyyələrə həvalə edilən sahələrdə bələdiyyə orqanlarının səmərəli fəaliyyətinə və vətəndaş cəmiyyətinin inkişafına  bələdiyyə qulluqçusunun hüquq və vəzifələrinin təmin edilməsi ilə nail olmaq mümkündür. Təbii ki, bələdiyyə qulluqçusu üçün təkcə vəzifələrini bilmək yetərli deyil, hər bir bələdiyyə qulluqçusu eyni zamanda işində məsuliyyətli olmalı və xidməti işindən irəli gələn vəzifələrinə əməl etməyə borcludur. Bu qədər mühüm və məsuliyyətli peşədə çalışsalarda təssüfki, bələdiyyə qulluqçusu kimi çalışanların əksəriyyəti  qanunvericilikdən irəli gələn hüquq və vəzifələrinin nə olduğunu və hansı qanunlarla tənzimləndiyini bilmirlər. Halbuki hər bir bələdiyyə qulluqçusu qanunvericilikdən irəli gələn hüquq və vəzifələrini əzbər bilməlidir.

Bələdiyyə qulluqçularının hüquq və vəzifələrinin təmin edilməsi, bələdiyyə qulluqçularının statusunun müəyyən edilməsi və hüquqi vəziyyətinin tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin nizamnamələri və digər müvafiq qanunvericilik  aktlarları ilə həyata keçirilir.

Bələdiyyə qulluqçularının hüquqları aşağıdakı 7 maddədən ibarətdir:

İşə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək.

Vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri məlumat və sənədləri almaq.

Səlahiyyətləri daxilində məsələlərə baxılmasında və onların həlli ilə əlaqədar qərar qəbul edilməsində iştirak etmək.

Həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək.

İxtisas dərəcəsini və peşə hazırlığını artırmaq.

Bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək.

Öz hüquq və azadlıqlarının müdafiəsinin təminatını tələb etmək.

Bələdiyyə qulluqçuları sakinlərə xidmət göstərmək və çalışdığı bələdiyyə orqanının ona verdiyi səlahiyyətlərin icrası kimi mühüm xidməti vəzifənin daşıyıcıları olduqları üçün hüquqları ilə bərabər vəzifələrinin fərqində olması, qanunvericiliyə əməl etməsi, xidməti işində məsuliyyətli olması və əmək intizamına riayət etməsi yerli özünü idarəetmə orqanlarının fəaliyyət keyfiyyətinin yüksəlməsinə təsir gəstərən amillərdəndir. Bələdiyyə qulluqçuları öz vəzifələrinə nə qədər ciddi riayət etsələr sakinlərin bələdiyyələrə olan güvəni bir o qədər möhkəm olar. Əhalinin bələdiyyələrdən gözlədiyi xidmətin səviyyəsi və keyfiyyətin yüksək olması bələdiyyə qulluqçularının fəaliyyətindən aslıdır.

Bələdiyyə qulluqçularının vəzifələri aşağıdakılardır:

Öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmək.

Vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq.

Rəhbərliyin «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyələrin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar və sərəncamları yerinə yetirmək.

Əmək və icra intizamına riayət etmək.

Yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərmək.

Bələdiyyə orqanları tərəfindən bələdiyyə qulluqçuları arasında xidməti vəzifədə çalışdıqları müddətdə hüquqlarından irəli gələn vəzifələrlərinə əməl etməyin vacibliyini aşılayan seminarlar və kurslar vasitəsiylə xüsusi marifləndirmə işləri mütamadi olaraq aparılmalıdır.  Bələdiyyə qulluqçusunun vəzifələri cəmiyyətin və sakinlərin maraqlarına və ehtiyaclarına uyğun şəkildə  qəbul edilmiş  davranış qaydasıdır və əməl edilməsinə qanunvericiliklə təminat verilir.

Hökməli bələdiyyəsinin sədr müavini

hüquqşunas,

Fərman Salmanlı