Bərdədə pulsuz hüquqi yardım almaq imkanı FOTO

  • By admin
  • 24 May 2019 18:16

Son illər respublikamızda əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ardıcıl işləq aparılmaqdadır. Həm kütləvi informasiya vasitələri, həm də region sakinləri ilə birbaşa təmaslar vasitəsi ilə sosial, təhsil, səhiyyə, iqtisadi hüquqlarla bağlı əhali bilgiləndirilir. Bərdə rayonunda əhalinin hüquqi məlumatlandırılması istiqamətində keçirilən məlumatlandırma sessiyasında rayon ərazisində yeni salınan məcburi köçkün qəsəbəsində məskunlaşan 35 nəfər iştirak edib.

Gununsesi.org xəbər verir ki, tədbirdə çıxış edən xidmət rəhbəri Xalid Kazımov bildirib ki, Azərbaycan qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar vətəndaşların hüquqlarının müdafiəsi üçün kifayət qədər mexanizmləri nəzərdə tutur: “Amma hüquqları ilə bağlı məlumatlı olmayan vətəndaşlar bəzən qanunun onlara verdiyi bu imkanlardan istifadə etməkdə, hüquqlarının reallaşmasında problemlərlə qarşılaşırlar. Bunun bir səbəbi əhalinin, xüsusən region sakinlərinin hüquqi biliklərinin aşağı olması ilə bağlıdırsa, digər səbəbi maddi imkazsızlıq və regionlarda keyfiyyətli hüquqi yardım almaq imkanlarının paytaxta nisbətən aşağı olmasıdır. Bu problemin həllinə dövlət tərəfindən görülən işlərə ictimai dəstək üçün əhalinin hüquqi maarifləndirilməsinə və ehtiyacı olanlara ödənişsiz hüquqi yardımın göstərilməsinə başlamışıq. Xidmətlər Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi (Gürcüstan) təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində göstərilir. Əhalinin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün artıq “qaynar xətt” xidməti (0702902299) yaradılıb. Sosial şəbəkədə (“Facebook”, “İnstagram” və “WhatsApp”da) hesab yaradılıb və edilən müraciətlər onlayn formada da cavablandırılır”.

Daha sonra məruzə ilə çıxış edən hüquqşünaş Yaşar Ağazadə bildirib ki, həm Azərbaycan Konstitusiyası, həm də digər qanunvericilik aktları Azərbaycan vətəndaşları üçün bır sıra sosial müdafiə mexanizmləri nəzərdə tutur: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı islahatlar aparılır. 2019-cu yanvarından pensiyalar şəxsin müraciəti olmadan pensiya hüququ  yaranan gün elektron qaydada təyin edilir. Pensiya təyin olunan şəxsə məbləğ, bank kartını əldə edəcəyi bank, vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir. Bundan başqa Ünvanlı Dövlət Sosial Yardımın alınması üçün müraciətlərin qəbulu və yardımın təyin edilməsi prossesi tam avtomatlaşdırılıb. Müharibə veteranları və şəhid ailələrinin həm mənzil, həm də avtomobil növbələri ilə bağlı siyahılar hər kəs üçün açıqdır. Bununla vətəndaşlar öz hüquqularının təminatını gücləndirmək üçün həm də ictimai nəzarət apara bilər”.

Daha sonra məruzəçi qanunvericiliyin vətəndaşlara verdiyi hüquqlarla bağlı ətraflə məlumat verdi və iştirakçıların suallarını cavablandırdı.

Tədbir zamanı iştirakçılara qanunvericiliyin ölkə vətəndaşlarına verdiyi sosial, təhsil və səhiyyə hüquqlarının əks olunduğu “Hüquq hamı üçün” adlı buklet paylanılıb.

Qeyd edək ki, xidmət çərçivəsində Bakı şəhəri və Bərdə rayonunda təşkil edilən ofislərdə ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərilir. Bundan başqa  icraçılar Ağdam, Tərtər, Goranboy və Yevlax rayon sakinlərinə, bu rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərə hüquqi yardım göstərmək üçün həmin ərazilərə səyyar səfərlər edir.  Müraciət edənlərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar  verilir. Həmçinin,  məhkəmələrə iddia ərizələrinin hazırlanması ilə bağlı hüquqi yardım göstərilir. Ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi, dövlət qurumlarına sorğu və müraciətlərin göndərilməsində vətəndaşlara köməklik göstərilir.

Qeyd edək ki, bu press-relizdə əks olunan fəaliyyət Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və  Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi –  Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində həyata keçirilir.