
“Böyük Qayıdış” proqramı uğurla həyata keçirilməkdədir və işğaldan azad edilən dogma yurdlarımız onilliklərdən sonra öz əsl sahiblərini qarşılamaqdadır.
Azad edilən torpaqlarda həyat yenidən tədricən öz əvvəlki məcrasına dönür.
Gununsesi.info-ya açıqlamasında Laçın rayonunu təmsil edən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident “Böyük Qayıdış” proqramının uğurla və qısa zamanda reallaşdırılması məqsədi ilə işğaldan azad olunan ərazilərin yenidən bərpa edilib, qurulması üçün bütün zəruri tapşırıqları verib və özü şəxsən bu prosesə ciddi nəzarət edir:
“Cənab Prezident və Birinci vitse-prezidentin davamalı olaraq işğaldan azad edilən bölgələlərə səfəri, orada görülən işlərə birbaşa nəzarət etməsi, yeni-yeni yaşayış məskənlərinin, infrstruktur layihələrinin realaşması ilə bağlı təməlqoyma mərasimlərində iştirakı “Böyük Qayıdış”ın qısa zamanda təmin olunmasına xidmət edir. Məhz Prezidentin yürütdüyü məqsədyönlü siyasət nəticəsində “Böyük Qayıdış” proqramı uğurla icra olunmaqdadır. Təkcə insanlar öz yurdlarına dönmür, eyni zamanda, doğma yurdlara köçənlərin orada daimi iş yerləri ilə təmin olunması istiqamətində işlər görülüb və görülməkdədir. Bu yürüdülən uğurlu siyasətin nəticəsidir ki, qısa müddətdə Laçına 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşmaq üçün köçüb”, – deyə deputat bildirib.
Mahir Abbaszadə
Deputat qeyd edib ki, dekabrın 1-i Laçının işğaldan azad edilməsindən 3 il ötür. “Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub. Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. 2022-ci ilin avqustun 26-da Laçın şəhəri nəzarətə götürüldükdən sonra burda nəhəng bərpa və quruculuq işlərinə başlanıldı. Qısa müddət ərzində əhali Laçın şəhərinə qaytarılmağa başladı. Əhalinin doğma torpaqlarımıza qayıdışı uğurla davam etdirilir”, – deyə o əlavə edib.
Deputatın sözlərinə görə, dünyada elə bir praktika yoxdur ki, işğal dövründə tamamilə viran edilən bir rayon azad edildikdən sonra 8 ayda yenidən bərpa olunsun: “Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində mümkün oldu. Cəmi 7-8 ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə, bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Mayın sonunda ilk 20 ailə Laçında yerləşdirilib. Qeyd edək ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacaq. Bu proses davam etməkdədir.
Köçürülən əhalinin rahat şəraiti üçün bütün infrastrukturlar qurulmaqdadır. Məsələn, TƏBİB-in tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib.
Laçın Ailə Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurun inkişafına təkan verən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”na uyğun olaraq yaradılıb.
Dövlət Proqramında qeyd edilən tapşırığın icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ilin 18 may tarixindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu ərazisində TƏBİB-in tabeliyində olan Laçın Rayon Mərkəzi Xəstəxanasının strukturunda Laçın Ailə Sağlamlıq Mərkəzinin qurulması üzrə işlərə start verilib.
Bundan əlavə olaraq, yeni məktəb binası istifadəyə verilib. Laçına dönənlər üçün 1100-dən çox iş yeri açılacaq. Bir sözlə, Laçında həm yaşamaq, həm işləmək üçün hər cür şərait yaradılmaqdadır. Bu yaxınlarda isə geri dönən insanlar üçün Əmək yarmarkası da təşkil olunub.
İnsanlar təkcə Laçın şəhərinə deyil, eyni zamanda Zabux kəndinə də köçürülürlər. Burada da bütün infrastruktur şəraiti və insanlaırn məşğuliyyəti üçün bütün imkanlar yaradılıb.
Ümumiyyətlə, bu gün “Böyük Qayıdış” pqoqramına uyğun olaraq Laçında genişmiqyaslı işlər görülməkdədir”.
M.Abbaszadə bildirib ki, bu gün yenidən bərpa edilən və qurulan Laçın tamamilə yeni bir sima almaqdadır: “Laçın ölkə başçısının birbaşa diqqəti və qayğısı nəticəsində əvvəlkindən də daha gözəl bərpa olunub abadlaşdırılır. Gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər”.
Milli Məclisin deputatı Ramil Həsən Gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda “Böyük Qayıdış” proqramının uğurla icrası istiqamətində işğaldan azad olunmuş ərazilərdə sürətli genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir:
“İşğaldan azad edilən ərazilərdə infrastruktur layihələri ilə yanaşı, sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. “Böyük Qayıdış” Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacağı planlaşdırılır.
Ramil Həsən
Görülən işlərin nəticəsidir ki, “Böyük Qayıdış” proqramı çərçivəsində indiyədək 987 ailə olmaqla 3 932 nəfər köçürülüb. Onlardan 308 ailə (1 106 nəfər) Füzuli şəhərinə, 363 ailə (1389 nəfər) Laçın şəhərinə, 175 ailə (871 nəfər) Ağalı kəndinə, 20 ailə (90 nəfər) Ağdərə rayonun Talış kəndinə, 121 ailə isə (476 nəfər) Laçının Zabux kəndinə köçürülüb”.
Deputat qeyd edib ki, azad olunmuş ərazilərə dönəcək insanların işlə təmin olunması və bölgənin sosial-iqtisadi durumunun yenidən dirçəldilməsi, insanlaırn işlə təmin edilməsi istiqamətində də geniş işlər görülməkdədir:
“İşğaldan azad edilən ərazilərin iqtisadiyyatının inkişafı məqsədi ilə ən müxtəlif sahələrinə, xüsusən də kənd təsərrüfatının, turizmin, sənayenin, emal sahəsinə aid yeni-yeni müəssisləri yaradılır. Bundan əlavə, regional logistik layihələr icra olunur. Ən qısa müddətdə iki beynəlxalq səviyyəli Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilib. Hazırda isə Laçında yüksək dağlıq ərazidə üçüncü hava lamanının tikintisi yekunlaşma mərhələsindədir. Cənab Prezidentin və Birinci vitse-prezidentin birbaşa nəzarəti nəticəsində “Böyük Qayıdış” proqramı uğurla icra olunacaq və işğaldan azad olunmuş ərazilərdə həyata öz normal məcrasına düşəcək. Qarabağ və Şərqi Zəngəzur nəinki bölgənin, bütövlükdə dünyanın hərtərəfli inkişaf etmiş bölgəsinə çevrilməklə Azərbaycanın gücünə əlavə güc qatacaq”.
Şəbnəm Rəhimova
Gununsesi.info