Bərpa olunan enerjidən istifadənin miqyası rekord sürətlə artır, qiyməti isə ucuzlaşır.
Gununsesi.info-nun AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə keçirilən yeni tədqiqatda əksini tapıb.
Məlumatda deyilir ki, bərpa olunan mənbələrdən istehsal olunan enerjinin payı keçən il 8 faiz artıb. Söhbət günəş, külək, biokütlə və tullantılardan əldə olunan enerjidən gedir.
Hazırda təkcə “təmiz” mənbələrdən elektrik enerjisi istehsalı ümumi energetika balansının 11,3 faizini təşkil edir. Alimlərin hesablamalarına görə, bunun sayəsində karbon qazı tullantılarını 1,7 giqaton azaltmaq mümkün olub.
Qazıntı şəklində olan yanacaqla müqayisədə bərpa olunan enerji sahəsinə yatırılan investisiyaların həcmi keçən il, demək olar, iki dəfə artıb.
Bərpa olunan enerji mənbələrinin inkişafina ən çox Avropa ölkələri investisiya yatırır. Bu sahədə Böyük Britaniya və Almaniya liderlik edirlər. Avropa ölkələrinin günəş və külək enerjisinin inkişafına ümumi investisiyası 3 faiz artaraq, 59,8 milyard ABŞ dolları təşkil edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (MAQATE) bildiriblər ki, bərpa olunan enerji mənbələrinə keçid sayəsində parnik qazları emissiyasının həcmi artmır və artıq üçüncü ildir ki, eyni səviyyədədir.
Gununsesi.info