Bəs, Rüstəm Usubov? – KAMRAN ƏLİYEV 65 YAŞLI MÜAVİNİNİ DƏ İSTEFAYA GÖNDƏRƏ BİLƏCƏKMİ?

  • By arzu
  • 21 May 2020 10:33
Zakir Qaralovun Baş Prokurorluğun rəhbərliyindən kənarlaşdırılması cəmiyyətdə müsbət qarşılanıb. Bununla belə , ictimaiyyət nümayəndələri ölkənin prokurorluq orqanlarının hörmətdən və ictimai etimaddan salınmasında Zakir Qaralovun ətrafındakı adamların da əməllərindən xəbərdardır. Ona görə də, “Prokurorluqda islahat varsa, Rüstəm Usubov kimiləri də getməlidir”, – çağırışları çoxluq təşkil edir.
Ölkə başçısı İlham Əliyev də yeni baş prokurora bu strukturda dəyişikliklərin mesajını verib.
Kamran Əliyev bir neçə şəxsi bu qurumdan kənarlaşdırsa da, Rüstəm Usubovun yola salınması nədənsə gecikir.
Qeyd edək ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.2-ci maddəsinə görə prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.
Baş Prokurorun birinci müavini olan bu şəxsin isə yaşı 65-dir.
Rüstəm Usubov həm də cəmiyyətdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətkar maraqlarına xidmət edən şəxs kimi tanınır.
Belə ki, MTN-nin şərləyərək, həbsə atdığı yüzlərlə günahsız insanın həyatının məhv olunmasında bu adamın da məsuliyyəti var.
Rüstəm Usubov ölkə qanunlarına və tutduğu vəzifəyə o qədər məsuliyyətsiz yanaşıb ki, hətta onun ittiham aktlarını oxumadan imzalaması barədə insanlarda birmənalı fikir var.
Kamran Əliyev bu adamın yola salınmasına nail olmayacaqsa, prokurorluğun korlanmış imici dəyişməyəcək.
Pərviz Həşimli