
2016-cı ildə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun anadan olmasının 100 ili tamam olur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Zakir Bağırov musiqinin müxtəlif janrlarına müraciət etmiş və musiqi xəzinəmizi zənginləşdirən bir sıra dəyərli əsərlər yazıb. O, opera, musiqili komediya, uşaq baleti, fortepiano, tar, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, dram tamaşalarına yazılmış musiqinin müəllifidir. Bəstəkarın musiqi folklorumuzun toplanması və nota salınması sahəsində fəaliyyəti də önəmlidir. O, görkəmli bəstəkarımız Tofiq Quliyevlə birlikdə “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazmış və çap etdirib. Zakir Bağırov həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən biridir.
2016-cı il dekabrın 23-də, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Zakir Bağırovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.
Anar
Gununsesi.info