Bəxtiyar Hacıyev ittiham aktından danışdı

  • By admin
  • 02 Fevral 2024 21:40

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan siyasi fəal Bəxtiyar Hacıyevə qarşı İttiham Aktı elan olunub.

Dövlət ittihamçısının nitqindən sonra Hacıyevin özü ifadə verib.

Gununsesi.info-nun xəbərinə görə, Hacıyev məhkəməyə sərbəst ifadəsində ona qarşı irəli sürüən bütün ittihamları rədd edib: “Bu həbs mənim insan haqları, vətəndaş cəmiyyəti quruculuğu prosesindən çəkilməyim üçün sifarişlə həyata keçirilib. Mənimlə bağlı proses hələ həbsimdən xeyli əvvəl başlanıb. Azərbaycan cəmiyyəti yaxşı xatırlayır ki, minlərlə xarici nömrələrdən mənə qarşı təhidlər edilirdi. Bundan başqa ictimai nüfuzdan salınmağım üçün saxta mesajlar adımdan başqaların yazılırdı. Hüquq-mühafizə orqanlarına etdiyim müraciətlər cavabsız qalırdı”.

Cinayət işində zərərçəkən kimi tanınan Ülviyyə Alovlu haqqında  danışan Hacıyev bildirib ki, bu şəxs ona qarşı cinayət törətsə də amma onun məsuliyyətə cəlb olunmasına nail ola bilməyib: “O, məni təhdid edirdi, pul tələb edirdi. Onun bütün qanunsuzluqları ilə bağlı etdiyim müraciətlər cavabsız qalırdı. Qeyri-rəsmi cavab da bu olurdu ki, Ülviyyə məsuliyyətə cəlb olunarsa, bu mənim qələbəm kimi cəmiyyətə təqdim olunacaq”.

Bütün epizodlar üzrə çıxış edən Bəxtiyar Hacıyev istintaqın qeyri-peşəkar aparıldığını deyib: “İbtidadi istintaq prosesi o qədər qərəzli, qanunsuz aparılıb ki, 13 aylıq həbs, qanunsuz olaraq 16 ayadək uzadılıb. Bu cinayət işi ilk başlanğıcından sonuncu vərəqinə qədər saxta, uydurma, qanunsuz faktlarla doludur”.

Çıxışının sonunda Hacıyev məhkəmədən qanunsuz cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb edib.

 

 

Elmar

Gununsesi.info