Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevdən xəbər var.
Gununsesi.info bildirir ki, bu barədə onun qardaşı Vüqar Hacıyev sosial şəbəkədə yazıb:
“Qardaşım Bəxtiyar Hacıyev zəng etmişdi, son təqiblərlə bağlı ictimaiyyətə və KİV-ə bunları bildirdi:
“Sabiq millət vəkili Nazim Bəydəmirlinin həbsni pisləyir, bunu geniş vüsət alan repressiv siyasətin davamı kimi qiymətləndirirəm. Nazim bəy ziyalıdır, ictimai-siyasi problemlərə daim aydın mövqe nümayiş etdirən şəxsiyyətdir, hakimiyyətin sosial-iqtisadi siyasətini haqlı və əsaslı tənqid edən iqtisadçıdır. Bəydəmirlinin və bütün siyasi məhbusların azadlığını tələb edirəm.
Eyni zamanda, vəkilim, insan hüquqlarını usanmadan müdafiə edən, zorakılığa söykənən idarəetmədə siyasi və vicdan məhbuslarına keyfiyyətli hüquqi xidmət edən Elçin Sadıqovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasını pisləyirəm. İşgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış hallarını hər zaman çəkinmədən ictimailəşdirən Elçin bəyə hakimiyyətin bu münasibəti onun peşəkar vəkillik fəaliyyətinə verilmiş cavabdır”.
Elmar
Gununsesi.info