Bəxtiyar Hacıyev Şimali Koreya səfərindən danışdı- ORADA "JEANS" GEYİNMƏK ÖLKƏYƏ XƏYANƏT KİMİ QİYMƏTLƏNDİRİLİR

Bəxtiyar Hacıyev Şimali Koreya səfərindən danışdı

Ölkə ictimaiyyəti arasında gənc demokratlardan biri kimi tanınan sabiq vicdan məhbusu Bəxtiyar Hacıyevin Şimali Koreyaya səfəri və bu diktatura ölkəsində çəkdirdiyi fotolar sosial şəbəkələrdə maraqla izlənib.
Bu da sirr deyil ki, Şimali Koreyaya səfər edən  xaricilər ciddi senzuralara məruz qalmaqla yanaşı həm də müşahidə altında olurlar. Bəs görəsən, gənc fəalın bu ölkə haqqında düşüncələri nədən ibarətdir?  Bəxtiyar Hacıyevin nəzərlərindəki Şimali Koreya ilə gördüyü ölkə arasında hansı fərq var? 
Gununsesi.info-nun əməkdaşı Bəxtiyar Hacıyevin özündən bu suallara cavab alıb.
Əməkdaşımızla söhbətində gənc demokrat bildirib ki, gördüyü Şimali Koreya Qərb mətbuatının təqdim etdiyi “təhlükəli, qorxulu” Şimali Koreya ilə KXDR Mərkəzi Xəbər Agentliyinin təqdim etdiyi “müasir, inkişaf etmiş” Şimali Koreya arasında bir ölkə idi: “”Yəni, nə Qərb mətbuatının təqdim etdiyi qədər təhlükəli, nə də özlərinin təqdim etdikləri qədər azad və inkişaf etmiş deyildi. Yerli əhali və turistlər üçün bir çox qayda və qadağalar mövcud idi. Məsələn, Pxenyana gələn hər bir Şimali Koreyalı yolda bir neçə dəfə postlarda silahlı əsgərlər tərəfindən yoxlanılır. Paytaxtda və regionlarda çox sayda olan Kim İr Sen və Kim Çen İrin heykəllərinin qarşısından avtomobil və avtobusları sürətlə sürmək olmaz, rəsmi olaraq bir çox yerdə 20 km/saat, bir çox yerdə isə 30 km/saat sürət limiti var. Bəzən bu qadağalar absurda qədər çatır, məsələn, Şimali Koreya vətəndaşlarından kimsə öz ölkəsində “jeans” kimi tanınan şalvarları geyinə bilməz. KXDR rəhbərliyi bunu ABŞ imperiyalistlərinə oxşamaq cəhdi, ölkəyə xəyanət kimi qiymətləndirir”.
Qadağalar haqqında danışan Bəxtiyar Hacıyev bildirir ki, turistlər üçün gecə təkbaşına şəhərə çıxmamaq qadağası, 1-2 muzeydə foto və video çəkiliş aparmamaq qadağasından başqa qadağa ilə rastlaşmır: “Hərbi obyektlərin və hərbiçilərin fotolarının çəkilməməsi, Kim İr Sen və Kim Çen İrin heykəllərinin fotolarının çəkilməsi zamanı isə bütöv bədənin götürülməsi xahiş edildi. Ancaq qadağan deyildi. Ora getməmişdən əvvəl qərb mənbələrində oxuyurdum ki, hava limanlarında turistlərin kameraları, yaddaş qurğuları yoxlanılır və oradan xoşlarına gəlməyən fotolar silinir. Ancaq, Pxenyan hava limanında heç bir yoxlama olmadı, cəmi 3-4 dəqiqə ərzində həm pasport qeydiyyatı, həm təhlükəsizlik üçün metal detektordan keçdik və yola salındıq”.
Onun sözlərinə görə, ölkəni isə bütöv şəkildə və birmənalı qiymətləndirmək çətindir: “Pxenyanda hündürmərtəbəli binalar, yeni və müasir otellər, bahalı avtomobillər, restoranlar, əyləncə mərkəzləri vardı. Yollar təmiz və səliqəli, nisbətən təmirli idi. Ancaq Pxenyandan kənardakı rayon və şəhərlərdə, qəsəbələrdə asfaltlanmış yol nadir hallarda görmək olardı. İnsanlar yükləri velosipedlərə yükləyib, torpaq yollarda velosiped sürərək bir şəhərdən digərinə gedirdilər. Region insanları çox kasıb görünür, geyinirdilər”.
Gununsesi.info

COMMENTS