Bəxtiyar Hacıyevdən Vaqif Əsədovun görüş təklifinə cavab gəldi -ŞƏRT VAR

  • By admin
  • 29 Avqust 2016 15:47

baxti

Gənc fəal Bəxtiyar Hacıyev BDYP-nin şöbə rəisi Vaqif Əsədovun Gununsesi.info-ya açıqlamasında onu görüşə dəvət etməsinə  münasibət bildirib. B.Hacıyevin saytımıza yolladığı yazısını təqdim edirik: 

 

Dünən əvvəli çox yaxşı, sonu çox pis olan gün yaşamışam. Detalları yazmayacam, qısaca deyim ki, polislə insidentimiz oldu, bu gün polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə məhkəmədə olmuşam. Mənə qarşı pis rəftar edən YPX işçisinin və PPXların başqa sürücünü vuraraq avtomobildən endirməsini görüb, mobil telefonla çəkmək istəsəm də, telefonu cibimdən çıxaran kimi, PPX hücumuna məruz qaldım, yenə əvvəlki kimi “PPX nəzakətli, vətəndaş qanunu pozan” sənədləşdirildi.

İctimailəşdirmədim, çünki artıq hansısa qarşılaşdığımız və haqsızlıq gördüyümüz problemi ictimailəşdirəndə “ictimai sektor, demokratik düşərgə” dediyimiz qruplardakı bəzi ağsaqqal və ağbirçəklər deyirlərmiş ki, Bəxtiyar gündəmi dəyişməyə çalışır. Gündəminizi dəyişmədim dünən və bu gün, gündəm nə oldu? Bu sözü çıxarıb yayanlar mənim son günlər yaşadıqlarımın 10-da birini gözləri ilə görsələr, vicdanları varsa, utanarlar. Hökümət qalıb bir tərəfdə, indi də demokratik düşərgədən ehtiyatlanaraq yazırıq nəyisə…

Bu gün isə DYP sözçüsü hörmətli Vaqif Əsədov mətbuata məlumat verib ki, Bəxtiyar Hacıyevlə görüşüb üz-üzə problemləri müzakirə etmək istərdim. Təbii ki, DYP-nin uğurlu fəaliyyətindən danışıb və məni ittiham edib : “Məndə olan məlumata görə, son günlərdə o, iş-gücünü buraxaraq gizlin yerlərdə dayanraq yol polsinin fəaliyyətində nöqsanlar aşkar etmək məqsədi ilə yol polsininin addımlarını lentə almaqla məşğuldur. Görəsən, o, bununla nə etmək istəyir? Məqsədi nədir ki, yol polisini belə hədəf seçib?”

Hörmətli Vaqif müəllimə məlumat vermək istəyirəm ki, dünən istirahət günü olsa da, ofisdə iş başında olmuşam. Günorta xaricdə təhsil alan tələbələrin yeni yaranmış bir şəbəkəsinin təqdimat tədbirində iştirak etmişəm. Oradan yenidən ofisə, iş başına qayıdarkən mənə qarşı qeyri-insani rəftar etmiş YPX əməkdaşının başqa sürücüyə daha pis rəftar etməsini görüb, ora yaxınlaşmışam. Sürücüyə qarşı fiziki zorakılığı telefonla çəkmək istədikdə, qeyri-insani rəftarla qarşılaşmışam.

Əsas sual: Əgər YPX, PPX əməkdaşları qanunsuz iş görmürlərsə, sürücülərlə qanun çərçivəsində, nəzakətli davranırlarsa, onlar və DYP rəhbərliyi bu gözəl fəaliyyətin telefonla çəkilməsindən niyə narahatdırlar?

Birincisi, DYP-ni heç kim hədəf seçməyib. Ölkə başçısı cənab İ.Əliyev dəfələrlə çıxışlarında deyib ki, bəzi problemlər ona çatdırılmır, gec və səhv çatdırılır və o, şəxsən dəfələrlə vətəndaşları ictimai nəzarəti artırmağa çağırıb. Mən, cənab prezidentin bu çağırışı əsasında vətəndaş kimi problemlərə ictimai nəzarətin artmasında maraqlıyam.

İkincisi, əgər DYP doğrudan da islahatlarda, problemlərin aşkarlanıb həll edilməsində maraqlıdırsa:

1) Bu sahədə tanınmış beynəlxalq ekspertləri, konsaltinq şirkətlərini dəvət edə bilərik Azərbaycana, onlar araşdırıb indiki qaydaların, YPX əməkdaşlarının davranışının, cərimələrin statistikasının, qəzaların statistikasının normal olub-olmadığı barədə hesabat hazırlayarlar.

2) Yenə beynəlxalq bir tanınmış şirkəti dəvət edək, Azərbaycan sürücüləri arasında sorğu keçirsinlər, DYP-nin fəaliyyəti ilə bağlı ictimai rəy ortaya çıxsın. Hər iki halda müsbət rəy çıxsa, sadəcə şad olaram.

Vaqif müəllim əgər üz-üzə görüşüb problemlərin araşdırılmasında, islahatlarda, vətəndaşların narazılığının azaldılmasında, DYP-nin effektiv fəaliyyətində maraqlıdırsa, təklifləri dinləyəcəksə, məmnuniyyətlə görüşə bilərəm. Yox, bu gün Yasamal Rayon Polis İdarəsinə dəvət edildiyim kimi, görüş zamanı hədə-qorxu gəlinəcəksə (“sənə son xəbərdarlıqdır, növbəti dəfə pis olacaq” deyiləcəksə), nə onun, nə də başqalarının dəyərli vaxtını sərf etməyək.