Bəxtiyar Hacıyevlə nazirlik arasında qalmaqal qızışır: "Niyə 31 gün poçt şöbəsinə getmədiyim halda, həmin bağlama ünvanımıza gətirilib?"

  • By admin
  • 21 Aprel 2017 16:24

bextiyar

Tanınmış ictimai  fəal və siyasətçi Bəxtiyar Hacıyevlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında gərginlik, söz “atışması” davam edir.

Gununsesi.info-nun xəbərinə görə, belə ki, ictimai fəalın ittihamına adıçəkilən nazirliyin saytımızda getmiş olduğu rəsmi cavabı B. Hacıyevi qane etməyib.

Qeyd edək ki, nazirliyin rəsmi cavabında deyilirdi:

“Bəxtiyar Hacıyevə göndərilən bağlama 17.03.2017-ci il tarixində 65 saylı poçt şöbəsinə daxil olmuş və bağlamanın bildirişi “Caspian Plaza”nın  kuryeri  Seymur Xəlilova verilib. Bəxtiyar Hacıyevin adına 01.04.2017-ci və 14.04.2017-ci il tarixlərində daxil olan daha 2 bağlamaların bildirişləri də eyni qaydada Seymur Xəlilova təhvil verilib”.

B. Hacıyev də öz növbəsində yenidən nazirliyə qarşı bir sıra ittihamlarla çıxış edib.

ramin_guluzade_181215sqw-300x188

“Öncə, nazirlik əməkdaşlarının riyazi bilikləri haqqında.

Nazirliyin açıqlamasında bildirilir ki, adıma göndərilmiş bağlamalar müvafiq olaraq, 17.03.2017, 01.04.2017, 14.04.2017-ci il tarixlərində 65 saylı poçt şöbəsinə daxil olmuşdur. Eyni zamanda qeyd edilib ki, bildiriş göndərildiyi gündən 5 gün sonra hər bir gün üçün 0.30 manat əlavə saxlama haqqı hesablanır və bağlamalar mənə 17.04.2017-ci il tarixində təhvil verilib.

Bu məlumatdan belə görünür ki, bağlamalardan biri 31 gün, digəri isə 16 gün 65 saylı poçt şöbəsində saxlanılıb. Birinci bağlama 26 gün, digəri isə 11 gün əlavə saxlanılıb və buna görə məndən 7.8 manat əlavə saxlanma haqqı alınmışdır. Nazirliyin qeyd etdiyi tarixlər və tarifləri, əlavə saxlanma günlərini hesabladıqda isə, 11.3 manat saxlanma haqqı alınmalı idi. Maraqlıdır, nazirlik bu hesablamanı hansı riyazi əməliyyatlarla həyata keçirib, 11.3 manatlıq saxlanma haqqını 7.8 manat kimi hesablayıb?

2) Nazirliyin açıqlamasında poçt bağlamasının bildirişlərinin hansı tarixdə verilməsi, bunu sübut edən heç bir əlavə (bildirişin imzalanması, bildirişin surəti) yoxdur. Əksinə, öz məsuliyyətlərinin “Caspian Plaza” kuryerinə yüklənməsi cəhdi var. Əslində isə, 65 saylı poçt əməkdaşı tərəfindən bağlamalarla bağlı 13 aprel tarixində mənə şifahi olaraq bildirilib və 17 aprel, 2017-ci il tarixində poçtalyon həmin bağlamaları bizim C.Cabbarlı küçəsi 44 ünvanında yerləşən, Caspian Plazadakı ofisimizə gətirmiş və onları qəbul etməli olduğumuzu, buna görə bağlamanı qəbul etmə və çatdırılma xidməti üçün xidmət haqqı ödəməli olduğumuz bildirilib.

rabite

Maraqlıdır, poçt bağlamalarını 31 gün sonra ofisə çatdıran Azərpoçt, poçt bağlamaları haqqında bildirişi ofisə yox, “Caspian Plaza” kuryerinə niyə verir? Yaxud, verdiyini iddia edir. Və əgər nazirliyin qeyd etdiyi kimi, poçt bağlamaları poçt şöbəsindən götürülməlidirsə, niyə həmin bağlamalar mənim istəyim, yazılı müraciətim olmadan ünvana gətirilir və çatdırılma xidməti tələb edilir?

3) Nazir Ramin Quluzadənin qərarı ilə 6 fevral, 2016-cı ildə təsdiq etdiyi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları” 10.4.1-ci bəndində göstərilir ki saxlanma müddəti bitdikdə, poçt göndərişi göndəriciyə geri qaytarılmalıdır. Həmin qaydaların 10.1.3-cü bəndində bu müddət 30 təqvim günü göstərilib. Nazirliyin arayışında isə göndərilmiş bağlamalardan birinin poçt şöbəsində 31 gün saxlanıldığı qeyd edilib. 30 təqvim günü çatdırılmayan bağlama nazirliyin təsdiq etdiyi qaydalara uyğun olaraq niyə geri qaytarılmayıb və niyə 31 gün poçt şöbəsinə getmədiyim halda, həmin bağlama ünvanımıza gətirilib? Nazirlik açıqlaması ilə öz qaydalarını ikiqat təkzib edib.

4) Kiçik bağlamaların poçt şöbəsində alıcılara verilməsi qaydasına gəldikdə, nazirliyin istinad etdiyi beynəlxalq təcrübədə bu xidmət əlavə xidmət sayılır. Belə ki, yalnız alıcı tətildə olduqda, müvəqqəti olaraq başqa ünvana köçdükdə, yaxud digər şəxsi səbəblərdən poçt göndərişinin ünvanına çatdırılmasını istəmədikdə, öz müraciəti əsasında, yaxud göndəricinin əlavə seçimi əsasında poçt göndərişinin poçt obyektində qəbulunu əlavə xidmət kimi seçir. Beynəlxalq təcrübədə “Poste restante” adlanan bu xidmət ödənişlidir və alıcı özünə uyğun zamanda poçt obyektinə yaxınlaşaraq, göndərilmiş məktub və ya bağlamanı orada qəbul edir. Digər bütün hallarda isə poçt göndərişi, kiçik daxili bağlamalar göndərişin üzərində yazılmış ünvana milli poçt operatoru vasitəsi ilə çatdırılır.

Beynəlxalq təcrübədə həm göndəriciyə, həm də alıcıya müxtəlif seçimlər təklif edilir. Bunlara ünvandan götürülmə, ünvana çatdırılma, poçt şöbəsində götürülmə və s daxildir və adətən, poçt göndərişinin göndərilmə rüsumu ödəndikdə, alıcıdan əlavə heç bir ödəmə alınmadan, poçt göndərişi qeyd edilmiş ünvana pulsuz olaraq çatdırılır.

Nazirliyin təsdiq etdiyi qaydalarda bağlamaların yalnız poçt obyektində verilməsinin qeyd edilməsi, saxlanma üçün əlavə tariflərin tətbiq edilməsinin qeyd edilməsi, poçt göndərişi haqqında xəbərnamələrin vaxtında çatdırılmaması isə nazirliyin korrupriya üçün yaşıl işıq yandırmasıdır və sosial şəbəkələrdə yazılmış yüzlərlə istifadəçi şikayəti göstərir ki, Azərpoçt MMC bu yaşıl işıqdan məharətlə bəhrələnir, alıcılardan poçt şöbələri və poçtalyonlar tərəfindən əlavə ödənişlər tələb edilir, xəbərnamələr vaxtında çatdırılmır və göndəricidən ödəniş alındıqdan sonra, “saxlanma xərci” adı altında alıcıdan da əlavə qanunsuz ödənişlər alınır”-deyə, B. Hacıyev qeyd edir.

Gununsesi.info