“Deyə bilərəm ki, Turkustan.info adının tanıdılması və qəbul edilməsi üçün bir il bizə yetərli oldu. Birincisi ona görə ki, saytımızın adı bizdən əvvəl də tarixən mövcud olub, sevilən bir isimdir. İkincisi, 11 ildir ki, bu adda qəzet çıxarırıq. Və ölkədə, dünyada bizi tanıyanlar “Türküstan”ı bizə görə, bizi də “Türküstan”a görə tanıyırlar”.
Bu sözləri Turkustan.info saytının və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Gununsesi.info-ya açıqlamasında deyib.
Qeyd edək ki, Turkustan.info xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür. Aqil Camal yeni ildə Turkustan.info-da bir sıra yenilik olacağını da qeyd edib:
“Biz saytın fəaliyyətində kütləvi oxucunun da maraqlarını nəzərə alırıq. Və bəzən, bizdən gözlənilməyən, media qurumu olaraq ideoloji cizgimizlə o qədər də uyuşmayan xəbərlərə də yer verməkdəyik. Buna görə hətta dostlardan umu-küsü də eşidirik ki, filan xəbəri Turkustan.info-ya yaraşdırmadıq… Bu fürsətdən yararlanıb təəssübümüzü çəkən, bizim üçün narahat olan dostlarımıza təşəkkürümü çatdırıram. Onları əmin etmək istəyirəm ki, Turkustan.info-nın başlıca məqsədi adına layiq milli xəbər siyasəti həyata keçirmək, ölkədə ciddi və maarifləndirici medianın formalaşmasında yaxından iştirak etməkdir. Yeni dönəmdə daha geniş oxucu kütləsinə xitab etmək üçün nəzərdə tutduğumuz bir sıra layihələrimizdə, Güney Azərbaycan və Türk dünyası ilə bağlı xəbərlərə daha çox yer verəcəyik”.
Gununsesi.info