Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət davam etdirilir.
Gununsesi.info xəbər verir ki, ötən illər ərzində cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılıb. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanması təşkil edir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, 2016-cı ilin 6 ayında 527 halda hüquqi və 788 halda fiziki şəxslər tərəfindən daxil olmuş 79 mal çeşidini əhatə edən 1315 halda mal nümunəsi laboratoriya analizindən keçirilib və 994 halda səyyar laboratoriya təhlilləri aparılıb. Aparılmış laboratoriya təhlilləri, əsasən, 894 yerli istehsal məhsulunu və 421 idxal məhsulunu əhatə edib. Nəticədə, 1302 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 13 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib. Məhsulların keyfiyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Gununsesi.info