Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi cəmiyyətdə ciddi rezonansa səbəb oldu. Bu məsələ müxtəlif rakurslardan, məmur özbaşınalığından tutmuş belə hallara görə məmurların məsuliyyətə cəlb olunmasınadək müxtəlif aspektli məsələlər müzakirə predmeti oldu. Müzakirə predmetlərindən biri də məmur ailələrinə məxsus avtomobillərdə eyni dövlət nömrə nişanı gəzdirməsi oldu.
Elə hadisə zamanı bəlli oldu ki, baş nazirin müavini Əli Həsənovun ailəsi və yaxınlarına məxsus avtomobillərin əksəriyyəti 203 və 014 dövlət qeydiyyat nömrə nişanı gəzdirir. Belə hallar təkcə Əli Həsənova şamil deyil, demək olar ki, mütləq əksəriyyət məmurların istər xidməti, istərsə də şəxsi minik, hətta şirkətlərinə məxsus avtomobillər eyni dövlət qeydiyyat nömrə nişanı daşıyır. Bu hal artıq cəmiyyətdə hamıya məlumdur. Bundan hüquq-mühafizə orqanları, yol polisi də agahdır. Bu dövlət qeydiyyat nömrə nişanını olan avtomobillər yolda və ya digər yerlərdə hər hansı qanunsuz hərəkət etdikdə belə, onların bu qanunsuzluğuna göz yumurlar. Çünki artıq onlara qarşı hər hansı cəza tətbiqinin qeyri-mümkün olduğunu bilirlər. Qanun keşikçiləri olan yol polisi və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ən azından bilirlər ki, belə şəxslərə qarşı sərt davranışın aqibəti hansı xoşagəlməz hallarla nəticələnə bilər…
Xülasə, bu məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovla söhbətləşdik.
“Ailə nömrələri”nin yol-nəqliyyat hadisələrindəki mənfi rolu ilə bağlı mövqeyini Gununsesi.info-ya açıqlayan S.Məmədov məsələyə konkret faktla başlayaraq bildirib ki, əvvəllər onun avtomobilinin nömrə nişanı 10…009 olub: “2008-ci ildə maşınımı yeniləyəndə həmin dövlət qeydiyyat nömrə nişanını yeni avtomobilə keçirmək istəyəndə buna imkan vermədilər və dedilər ki, olmaz. Baxmayaraq ki, qanunvericilik buna imkan verir. Səbəbini araşdıranda məlum oldu ki, bu nömrə o zaman milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinə məxsus nömrədir və kənar şəxslərə bu nömrə nişanından istifadə onun tərəfindən qadağan olunub. Əlbəttə tam qanunsuz”.
S.Məmmədov əlavə etdi ki, prinsipiallıq nümayiş etdirməyə cəhd etsə də, bütün cəhdlər uğursuz alındı: “Çox cəhd etdim. Axırda mənə dedilər ki, anbarda bu nömrələrdən nə qədər desən var, sadəcə başqa adama verilmir. Odur ki, başını sözün bütün mənalarında ağrıtma. İndi özünü bir az yekə hesab edən əksəriyyətin belə “ailə nömrələri” var. Öz xidməti avtomobilinin (AA) nömrəsini başqa seriyalarla ailə üzvləri və qohumları üçün istifadə edirlər”.
S.Məmmədov onu da əlavə edib ki, bundan heç də bütün məmurlar istifadə etmirlər: “Bir çoxları buna elə də əhəmiyyət vermir. Etməyənlərdən məsələn, biri daxili işlər naziridir. Daxili işlər nazirinin dövlət qeydiyyat nömrə nişanı 10… 010 olsa da, digər ona yaxınlığı ilə seçilməyən sadə vətəndaşda da 010 dövlət qeydiyyat nömrə nişanına rast gəlmək olar”.
O deyib ki, hər bir YPX işçisi də hansı nömrənin hansı ailəyə məxsus olmasını əla bilir. “Onların bir çoxu yollarda “at oynatmaqla” məşğuldur. Məncə bu qeyri-rəsmi qaydanı ləğv etməyin vaxtıdır. Həm də dövlət idarələrinə məxsus olan qeyri-rəsmi seriyaları (AA və s.). Bu seriyalara qanunvericilikdə üstünlük verən heç nə yoxdur. Gürcüstan bunu çoxdan ləğv edib. Üstünlük hüququ olan nəqliyyat vasitələri barədə qanunvericilikdə dəqiq göstərişlər var”- deyə, o, bildirib.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə təqsirli bilinən Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılovun olduğu da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
Mürtəza
Gununsesi.info