“Bəzi nazirliklər birləşdirilsin!” – Deputat yeni islahatlara ÇAĞIRDI

“Azərbaycanda start verilən çoxşaxəli islahatlar Prezident İlham Əliyevin təsdiq etdiyi proqrama uyğun olaraq davam edir. Həyata keçirilən islahatlar bu proqramlar çərçivəsində icra olunur və bütün sahələri əhatə edir. Əksər nazirliklərdə biz bunun şahidi oluruq”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, islahatların davamında özəlləşmə prosesi sürətləndirilməlidir:


“Məsələn, mən çox istərdim ki, böyük özəlləşmə məsələsi həll edilsin. Dövlət tabeliyində olan iri müəssisələrin özəlləşməsinə başlanılsın. SOCAR, “Azərenerji”, “Azərişıq” və bu kimi xidmət sahələri özəlləşdirilməlidir. Özəlləşmə hər şeyi dəyişə bilər. Çünki müqavilələr digər özəl şirkətlərlə bağlanacaq. Həm özəl şirkətlərdə əlavə iş yerləri yaranacaq, həm də mövcud xidmət səviyyəsi daha da yüksələcək, rəqabətli mühit yaranacaq.

Çünki orada elə sahələr var ki, strateji əhəmiyyətə malikdir. Onları dövlətdə saxlamaqla, həmin şirkətlərin digər sahələrini özəlləşməyə vermək lazımdır. Cənab Prezident bir sıra şirkətlərin rəhbərliyinə dəyişikliklər etməklə bərabər, Müşahidə Şuraları da yaradılması barədə qərar verdi. Hazırda mətbuata çıxarılmasa da, sosial-iqtisadi sahədə islahatlar davam edir.

Yaxşı olar ki, strukturda da dəyişikliklər edilsin. Bəzi şirkətlər, nazirliklər birləşdirilsin, kompakt bir hökumət formalaşdırılsın ki, həm idarəetmə asanlaşsın, həm də məsuliyyət artsın. Hazırda bir-birini təkrarlayan qurumlar çoxdur və bu, məsuliyyətin bölüşdürülməsi baxımından çox pisdir”.

Parlamentari hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatların narazılıq doğurduğuna diqqət çəkib:

“Burada çox ciddi problemlər var ki, onlar aradan qaldırılmalıdır. İslahatlar məqsədli, məramlı, optimal və əhatəli olmalıdır”.