Türkiyənin Müdafiə naziri general NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin 62-ci iclasında bəzi sualları cavablandırıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ermənistanın millət vəkili Koryun Nahapetyan qondarma erməni soyqırımını 26 ölkənin tanıdığını bildirərək buna heç kimin şübhəsi olmadığını vurğulayıb. Eyni zamanda Türkiyənin Suriya və İraqa müdaxiləsini tənqid edən Nahapetyan türk ordusunun Suriyadan nə zaman çıxacağını soruşub.
Hulusi Akar erməni millət vəkilini belə cavablandırıb:
“Erməni soyqırımını bəzi ölkələrin qəbul etməsi heç nəyi dəyişmir. Soyqırımı hər ölkə öz haqqından istifadə edərək qəbul edə bilər. XVI əsrdə Qaliley dünya fırlanır deyəndə hər kəs fırlanmadığını deyirdi. Bu, heç bir zaman dünyanın fırlandığı həqiqətini dəyişməyib. Dolayısıyla bütün ölkələr “soyqırım var” desə də, bu, soyqırımın olmadığı həqiqətini dəyişmir. Suriyanın, İraqın ərazi bütövlüyünə müdaxilə etməyimiz barədə fikirdə ya cahillik, ya pis niyyət var. Bizim Suriya ilə, İraqla ərazi bütövlüyü ilə bağlı heç bir problemimiz yoxdur. Millət vəkili ya son dərəcə cahil, ya da son dərəcə pis niyyətlidir. Başqa izah yoxdur. Çünki türk silahlı qüvvələrinin Hələb ilə bağlı heç bir əlaqəsi yoxdur. Güllə atmır. Millət vəkili mütləq əsgərlər ilə telefonla əlaqə saxlayıb orada nə baş verdiyini öyrənməlidir. Hələbdə Türkiyənin, türk silahlı qüvvələrinin bir güllə atdığını deyən olsa, mən istefa verərəm. Bu, tərbiyəsizlikdir, iftiradır, yalandır”.
General Hulusi Akarın sərt reaksiyası ilə üzləşən erməni millət vəkilinə eyni iclasda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da eyni münasibəti göstərib. Belə ki, Çavuşoğlu Nahapetyanın Türkiyənin İŞİD-ə dəstək verməsi barədə iftirasına sərt reaksiya verib.
Çevriliş cəhdinin arxasında FETÖ-nün dayandığına dair dəlillər barəsində verilən suallara cavab əsnasında Akar NATO çərçivəsində hava qüvvələri ilə kömək göstərdiklərinə görə Almaniya, Hollandiya, İspaniya və ABŞ-a təşəkkürünü bildirib.
Məhkəmələrin və hakimlərin 15 iyul çevriliş cəhdini ciddi şəkildə araşdırdığını qeyd edən nazir öz fikrini aşağıdakı kimi ifadə edib:
“Bütün dəlillər toplanır. Ciddi sübutlar var. Bunlar iddianamələrə əlavə edilir. Məhkəmə prosesində bunu hər kəs görəcək. Bütünlüklə demokratik çərçivədə bir daha bu günlərə qayıtmamaq üçün əməliyyatlar davam edir”.
FETÖ-nün 40 ildir davam edən və çevriliş cəhdinə gətirib çıxaran bir layihə kimi şərh edən Akar araşdırmaların qanun çərçivəsində aparıldığını bildirib:
“Həqiqətən əlimizdə çox ciddi sübutlar var. Etiraflar, fotoşəkillər, filmlər var. Bunların heç biri gizli qalmayacaq. Hamısı – mənim ifadələrim və 15 iyulda yaşadıqlarım daxil hamısı məhkəmədə mövcuddur. Bunlar toplanacaq və sizin ölkələrinizdə olduğu kimi demokratik əsaslar və qanun çərçivəsində məhkəmə öz işini yerinə yetirəcək. Günahkarlar cəzalarını alacaqlar. Buna heç kimin şübhəsi olmasın”.
Həmçinin, Hulusi Akar Azad Suriya Ordusunun daxilində Əl-Qaidə, Əl-Nüsra və radikal İslamçıların olmadığını, ordunun öz vətənıəri uğrunda mübarizə aparan namuslu insanlardan ibarət olduğunu bildirib:
“Onların keçmişdə bəzi problemləri var idi. Onlarla işləməyə başladıqdan sonra ilk iş bu problemləri aradan qaldırmaq olub. Suriya ilə 911 kilometrlik sərhədimiz var. Tədbir görməyimizə baxmayaraq, istər-istəməz sızma olur. Ölkəmizə sızanlar həm intihar bombası, həm də müxtəlif bomba dolu maşınları partlatmaqla millətimizə zərər verir. Bizim müdafiə haqqımız var. İraqın şimalında da vəziyyət eynidir. İraq hökumətinə söyləyirik ki, PKK-nı yox etsinlər. Bu isə illərdir ki, mümkün olmur. Ölkəyə zərər verən qruplara qarşı tədbir görmək təbii haldır. Müdafiə haqqımızı qorumağa məcburuq. Terror bitdiyi zaman geri çəkiləcəyik. Özümüzü ölkəmizdə təhlükəsiz hiss etdiyimiz zaman geri çəkiləcəyik. Xalqımızı qorumalıyıq. Ölkəmizə 10-20 kilometrlik məsafədə terrorist qruplarının olduğunu, onların zərər vermə ehtimalını fikirləşin. Belə bir vəziyyətdə heç kim hərəkətsiz qalmaz”.
Nigar Cəfərli
Gununsesi.info