Bələdiyyələrin həyatımızda rolu yoxdur - EKSPERT QARLI HAVANIN FƏSADLARI QARŞISINDAKI ACİZLİKDƏN DANIŞIR

  • By admin
  • 09 Yanvar 2023 11:56

Bakıda dünən gecədən yağan qar az olsa da nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb. Paytaxtın bəzi yerlərində isə kommunal xidmətlərin problemləri də üzə çıxıb.

Tanınmış ekspert Rövşən Ağayev Gununsesi.info-ya açıqlamasında bu vəziyyətə görə yerliidarəetmə orqanlarının fəaliyyətinə diqqət çəkib.

“İnkişaf etmiş ölkələrdə, hətta bizdən çox uzaqda olmayan Türkiyədə yerli seçkilərin taleyini həm də fövqəladə vəziyyətlərdə, o cümlədən pis hava şəraitlərində nəqliyyat axınının, kommunal xidmətlərin verilməsinin fasiləsizliyinin təmin edilməsində bələdiyyələrin nə dərəcədə effektiv tədbirlər görə bilməsi həll edir. Seçici həmişə seçki arası dövrlərdə cibində futbol hakimləri kimi 3 rəngdə kart gəzdirir: seçkili şəxslər aralıq dövrdə nə qədər çox sarı karta alırlarsa, seçki günü avtomatik qırmızı kart çıxır…

Təəssüf ki, müstəqillik əldə etdiyimiz 32 ildə biz seçib-seçilməyin həzzini və toplumun rifah içərisində yaşamaq üçün verdiyi töfhələrin dadını yaşaya blməmişik. Müstəqillik dövrünün ən aktiv nəsli hesab oluna biləcək 70 və 80-cilər bu problemin öhdəsindən gələ bilmədi və 50 və 60-cıların əzici zərbələri altında ancaq məğlubiyyət yaşadı”.

Azərbaycanda Bələdiyyələrin lazımsız qurum vəziyyətində olduğunu vurğulayan ekspert deyir ki, onların statusu və normal büdcə olmadığından bu cür situasiyalarda nəsə edə bilmir.

Gununsesi.info