Bəxtiyar Hacıyevə məcburi sistem qoşmaq istəyirlər

  • By admin
  • 13 Fevral 2023 18:41

Vəkil Aqil Layic Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülən siyasi fəal Bəxtiyar Hacıyevlə görüşüb. 

Gununsesi.info bildirir ki, bu barədə vəkil  sosial şəbəkədə yazıb. 

“Bəxtiyar Hacıyevlə görüşdüm.
Qeyd edir ki, Müalicə Müəssisəsinə iradəsinə zidd olaraq etap edilib. Etap edildikdən sonra Müalicə Müəssisəsinin baş həkimi ona sistem qoşmağı məcbur eləmək istəyib və o, imtina edib. Bu yerdə onu qeyd etmək lazımdır ki, aclıq aksiyası keçirən insanın huşu yerindədirsə ona məcburi sistem qoymaq olmaz və məcburetmə qanunsuzdur. Bu məqamda həmin müəssisənin baş hakiminə şəxsin bədən muxtariyyətinə hörmət etməyə tələb edirik.
Müalicə müəssisəsinə köçürülərkən, onun gündəlik qeydləri, tibbi qeydləri, hüquqi sənədləri və kitabları müsadirə edilib. Adi boş A4 kağızı belə müsadirəyə məruz qalıb.Ədliyyə Nazirliyindən xahiş və tələb edirik ki, onun zəruri hesab etdiyi bütün hüquqi sənədlərinin, gündəlik qeydlərinin qaytarılmasını təmin edəsiniz.
Bəxtiyar, həmçinin qeyd etdi ki, Müalicə Müəssisəsində təhlükəsizliyi çox aşağı səviyyədədir. Kim istədə otağına daxil ola bilir, həmçinin otaqdan çıxdıqdan sonra otağı açıq qalır. Təhlükəsizliyinin təmin edilməsini tələb edir.
Bəxtiyar hədsiz dərəcədə zəifləyib və özünü zorla idarə edir. Bədənində şiddətli ağrılar və yuxusuzluqdan əziyyət çəkir”.

Aqil Layic onu da bildirib ki, sabah saat 16:00- da Bakı şəhər Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıtevin ev dustaqlığı məsələsinə baxılacaq: “Bəxtiyarı azad etmək üçün əsl münbitə şərait var, onun azad edilməsi daxili və beynəlxalq çağırışlara adekvat addım ola bilər və əsl dövlət ağlı işlətmək lazımdır”.

Mətləb

Gununsesi.info