Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmayıb

  • By admin
  • 01 Fevral 2023 20:59

Bakının Xətai rayon məhkəməsində həbsdə olan siyasi  fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.

Gununsesi.info-nun Hacıyevin vəkillərinə istinadən verdiyi xəbərə görə, vəsatət təmin edilməyib.

Vəkil Rövşanə Rəhimli bildirib ki, hər zaman olduğu kimi, itiham tərəfi öz arqumentlərini fərziyyələr, ehtimallar üzərində qursa da  məhkəmə də bütün bunları nəzərə almadan növbəti ədalətsiz bir qərara imza atıb.

Onun sözlərinə görə, məhkəmə prosesinə ictimai fəal Bəxtiyar Hacıyev də gətirilib və səhhətində ciddi geriləmələr var.

Vəkil Rövşanə Rəhimli
Vəkil Rövşanə Rəhimli

“Bəxtiyarın səhhəti kifayət qədər pisləşib. Yenə də çəki itirməyə davam edir. Başgicəlləmələri, ürək ağrıları, böyrək sancıları bütün bunlar aclığın fəsadlarıdır. Vəziyyəti kritik olaraq qalır. Bizim əsas istəklərimizdən biri də ondan ibarətdir ki, Bəxtiyar Hacıyev xəstəxanaya yerləşdirilməlidir”.

Rövşanə Rəhimli Bəxtiyar Hacıyevin müayinəsi üçün həkimə müraciət edilsə də, hələlik cavab olmadığını da deyib.

 

Qeyd edək ki, ABŞ və Avropa ölkələrinin hökumətləri və insan haqları qurumları Hacıyevi azad etmək üçün Azərbaycana müraciətlər edir.

 

Elmar

Gununsesi.info