Bəxtiyar Hacıyev: “Hər gün eyni şey təkrarlanır, təsadüfi deyil” -MÜSAHİBƏ

  • By admin
  • 15 Avqust 2016 17:29

baxti

Avqustun 15-də Bakıda saxlanaraq, polis idarəsinə aparılan ictimai fəal Bəxtiyar Hacıyev elə bölmədə olarkən Azadlıq Radiosunun suallarını cavablandırıb.

Gununsesi.info həmin müsahibəni təqdim edir:

 

– Nəylə bağlı saxlayıblar sizi?

– Mən bir aya yaxındır Avropadaydım. Üç-dörd gündür qayıtmışam. Qayıdan kimi də hər addımbaşı yol polisi ilə problem yaranırdı. Maksimum şəkildə çalışırdım bunu həll edim. Dünən bir yol polisi ilə mübahisəmiz oldu. O maşına oturdu, sonra söyüş söyüb qaçdı.

Bu gün təsadüfən qarşılaşanda yaxınlaşdım ki, “dünən niyə söyüş söyüb qaçırdınız?” Maşından düşdü və başladı yumruq atmağa, məni təhqir etməyə. Sonra post patrul xidmətini çağırdı və məni 27-ci polis bölməsinə gətirdilər. Burda da mənə yumruq atır, müxtəlif yollarla təxribata çəkirdilər. Bunlar da hamısı 27-ci polis bölməsindəki kameraların qarşısında baş verib.

– Sizcə, məqsəd nədir?

– Mən bilmirəm. Sadəcə olaraq, bu, elə həddə gəlib çatıb ki, mən ya ölkəni tərk etməliyəm, ya da… Başqa yol tapa bilmirəm. Bir neçə gün ərzində bir qurum əgər israrla hər addımbaşı problem yaradırsa, bu, təsadüf deyil. Mən bir ay ərzində Avropada 15-dən çox ölkədə avtomobildən istifadə etdim, problem olmadı. Amma dörd gündə bu qurumun əməkdaşları tərəfindən dəfələrlə problemlə üzləşirəmsə, düşünürəm ki, bu, mənim Dövlət Yol Polisində olan problemlərlə bağlı yazdığım statuslarla bağlıdır.

– Siz nə yazmışdınız orda?

– Avropadan qayıtdıqdan sonra DYP-nin vətəndaşlara problem yaratmasından yazmışdım, bununla bağlı ölkə başçısına müraciət etmişdim, Avropada yol polisi ilə Azərbaycandakı yol polisinin müqayisəsini apardım. Bundan sonra da problemlər başlayıb. İlk iki insident baş verəndə mən bunu ictimailəşdirmədim, amma artıq bu gün fiziki güc tətbiq edilər, paltarımı dartıb cırır, yumruqlayırdılar, maksimum çalışırdılar ki, onlara cavab qaytarım.

– Bəs, indi neynirsiz?

– Polis bölməsindəyəm. Yol polisləri gəlib raport yazıblar və indi sənədləşdirmə gedir.

Hələlik bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin hər hansı reaksiyası səslənməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov günün ikinci yarısında B.Hacıyevin saxlanması ilə bağlı bilgi verə biləcəyini deyib.

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.