Bəzi alimlər neandertalları klonlaşdırıb həyata qaytarmaq istəyirlər…

  • By admin
  • 18 Avqust 2022 21:23

Hələ uşaq ikən Jül Vernin romanlarını oxuyurdum. Ancaq bütün bunların fantastika olduğunu bilmirdim. Haradan bilə bilərdim? Jül Vernin əsərlərindəki fantastik ünsürlər ötüb-keçən dövr ərzində reallığa çevrilmişdi. Sualtı qayıq bizi təəccübləndirə bilməzdi. Müasir dünyada ideya və reallıq arasındakı müddət daha da qısalıb. Ədəbiyyatda, kinoda gördüklərimiz sürətlə reallığa çevrilir.

Misal üçün bir əhvalata nəzər salaq.

2006-cı ildə Nyu-York polisində çalışan Con Mendola balaca bir küçə itinə sahiblənir. O, on il ərzində bu iti saxlayır. Ancaq bir gün “Şahzadə” adlandırdığı it xərçəngə yoluxur. Con sənədli filmlərin birində Texasdakı bir şirkət haqqında eşitmişdi. Həmin şirkət heyvanların klonlaşdırılması ilə məşğul idi. Oraya zəng vurur və ətraflı məlumat alır.

Bir il sonra isə itin toxumaları götürülür və it klonlaşdırılır. Bir müddət sonra Şahzadə ölür ancaq klonlaşdırılmış iki it Con Mendola təhvil verilir. Yeni itlər Şahzadənin eynisi idilər. Hətta hərəkətləri, jestləri də sanki onunku idi. Con yeni itləri Şahzadə Yasəmən və Şahzadə Ariel adlandırdı.

Bütün bu əməliyyat Mendola 50 min dollara başa gəlir. Şirkət isə pişikləri daha ucuz qiymətə – 30 min dollara, atları isə hər ikisinin cəmindən də baha – 85 min dollara klonlaşdırırdı.

Bu filmdirmi? Yox, bu, həyatdır. Hər şey bir xəbərdən götürülüb. Üstəlik, klonlaşdırma çoxdan aparılır. 1996-cı ildə alimlər qoyunu klonlamağı bacarmışdılar.

Ancaq burada çox insanın səhv bildiyi bir məqamın üzərində dayanmaq da gərəkdir. İnsan klonlaşdırılması hələ də aparılmayıb. Hüquq sistemi buna imkan vermir. Amma bu çox asan bir prosesdir. Gəl ki, insan it, ya da dəvə deyil. Klonlaşdırmada onun tamamilə eynisi yaradıla bilər, amma bu o demək deyil ki, insan həmin insan olacaq. İnsanı təyin edən onun yaşadığı mühit, aldığı təhsil, sosial çevrəsi və həyat şəraitidir. Genetika bir yerə qədər təsirlidir.

Eynşteyni klonlaşdırsaq yaranan yeni uşaq gələcəyin dahisi olmayacaq. Bəlkə taksi sürücüsü oldu, bəlkə birja dəllalı, bəlkə də özünü Mehdi elan edib insanlardan pul topladı. Bu mənada insan təkcə genetikadan yox, həm də Marksın dediyi kimi, sosial münasibətlərin məcmusundan ibarətdir.

Klonlaşdırmanın isə maraqlı perspektivləri var. Misal üçün, 1936-cı ildə nəsli kəsilən Tasmaniya canavarı klonlaşdırılaraq həyata qaytarılacaq. Hazırda 50 amerikan və avstraliyalı alim bu layihə üzərində çalışır.

Bəzi alimlər isə neandertalları klonlaşdırıb həyata qaytarmaq və onlardan elmi araşdırmalar üçün istifadə etməyi də düşünürlər. Bunu etmək də qətiyyən çətin deyil, ancaq yuxarıda qeyd edildiyi kimi, insan klonlaşdırılması qadağandır.

(Oxu.az)