“Bəzi vətəndaşların evi heç bir müqavilə bağlanmadan sökülüb”- Qüdrət Həsənquliyev

  • By admin
  • 09 İyul 2021 17:34

“Bu gün mən, bir vacib məsələyə toxunmaq istəyirəm. Bu, bizim sakinlərdən dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlıdır”. Xalqcəbhəsi.az-ın məlumatına görə, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq syasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin növbədənkənar iclasında çıxışı zamanı səsləndirib.

Gununsesi.info-nun məlumatına görə, Millət vəkili bildirib ki, Bakı şəhərində zaman-zaman bu tipli çoxsaylı münaqişələr yaranır: “Təəssüf ki, mənim də deputat seçildiyim Xətai rayonunda belə bir problem yaşanmaqdadır. Dünən mən Turşu küçəsində yaşayan 14 sakini qəbul eləmişəm. Onların yazılı müraciətləri də var. Əvvəllər onlar müxtəlif dövlət orqanlarına müraciət ediblər. Mənə də etdikləri müraciətləri müxtəlif dövlət orqanlarına göndərmişəm. Çox təəssüf ki, bu məsələ müsbət həllini tapmır. Yəni dedikərindən və yazdıqlarından bəlli olur ki, onlara münasibətdə “Dövlət ehtiyacları üçün torpaqların alınması haqqında” Azərbaycan Respublikası Qanununun – xüsusilə 23 və 58-ci maddənin tələbləri yerinə yetirilmir. Diqqətinizə çatdırmaq istəyirəm ki, vətəndaşların evlərinə daxil olurlar və deyirlər ki, sizin yataq otağı ilə qonaq otağı min manat, dəhliz, mətbəx, sanitar qovşağı isə 750 manatdan qiymələndirilir. Və bu zaman nəzərə alınmır ki, insanlar evlərini fərqli qaydada təmir ediblər, fərqli evlər tikiblər. Məsələn, biri evinin kvadratmetri eyni olsa da 100, 200 min manat, digəri isə ondan az məbləğdə vəsait xərcləyib. Qiymətləndirmə üçün müstəqil eskpertlər dəvət olunmur. Bazar qiymətlərinin müəyyən olunması həm Konstitusiyaya, həm də qeyd elədiyim qanuna görə düzgün qiymətləndirilmir. Məcburi qaydada, heç bir müqavilə bağlanmadan, hətta bəzilərinin evləri də sökülüb. Sadəcə olaraq, onların Kapitalbankdakı hesablarına özlərindən xəbərsiz pul köçürüblər. Pulu da kimin köçürdüyü bəlli deyil. Ona görə də, mən hesab edirəm ki, nəhayət bu sahədə ciddi nizam-intizam yaradılmalıdır. Cənab Prezident də bildirmişdi ki, bunlara heç olmasa kvadratmetri 1500 manat dəyərində olan mənzil verilməlidir. Onların mənzilləri sökülür, “Ağ şəhər salınır. Orada isə mənzillərin qiymətinin kvadratmetri 800 manatdan 2000 manata qədərdir. Təklif olunan vəsaitlə onların öz yaşadıqları evlərin yaxınlığında hətta təmirsiz mənzil almağa imkanları da yoxdur. Ona görə düşünürəm ki, hər birimiz özümüzü o vətəndaşalrın yerinə qoyaraq düşünməliyik ki, bizi bu cür incitsəydilər, necə davranardıq. Yəni hətta insanların narahatlığına görə belə kompensasiya ödənilmir. Diqqətinizə görə çox sağ olun. Ümid edirəm ki, bu məsələ sizin də köməkliyinizlə öz həllini tapacaq”.

Gununsesi.info