Keçmiş bankirin bacısı Penitensiar Xidmətin idarə rəisindən icazə məktubu alsa da, qardaşı ilə görüşə buraxılmır.
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva 8 aydır qardaşı ilə görüşə bilmir.
O, sonuncu dəfə ötən il sentyabrın 8-də qardaşı ilə görüşüb. Əminə Hacıyeva bu barədə mayın 16-da Meydan TV-yə danışıb.
O, qardaşı ilə görüşmək üçün mayın 16-da yenidən Penitensiar Xidmətə müraciət edib.
Əminə Hacıyeva Gununsesi.org-a açıqlamasında bildirib ki, onlar 2 saylı Bakı İqtisad Məhkəməsinə və Apelyasiya Məhkəməsinə müraciət etsələr də, istədikləri cavabları almayıblar:
“Məhkəmələr məsələnin onlara aidiyyatı olmadığını söylədilər. Eyni zamanda, Penitensiar Xidmətə dəfələrlə müraciət etsəm də, nəhayət, qurumun Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov cavab məktubu göndərdi ki, görüşə və telefon danışıqlarına məhdudiyyət yoxdur. Amma bu məktubla təcridxanaya getsəm də, qardaşımla görüş vermədilər. Ona görə Penitensiar Xidmətə gəldim, Mirsaleh Seyidov məni qəbul etdi, qərara gəldik ki, rəis Ceyhun Həsənova müraciət edək. Çünki məktuba baxmayaraq qardaşımla görüşə icazə vermirlər”.
Əminə Hacıyeva qardaşı ilə görüşə icazə verilməməsini insan hüquqlarının pozulması hesab edir:
“Bizə telefon danışığına da icazə vermirlər, anlamıram bu nə münasibətdir. Oxşar halla 2017-ci ilin payızından 2018-ci ilin yazına qədər də qarşılaşmışdıq. O vaxtdan vəkillər də Cahangir Hacıyevlə görüşə bilmirlər, müvafiq orqanlar məsuliyyəti bir-birinin üzərinə atırdılar. Hazırda qardaşım təcrid olunmuş vəziyyətdədir, yeməkdən başqa heç nə qəbul etmirlər. Vəkillərinə görüş icazəsi verilsə də, onlar hansısa məsələni qaldıranda, kollegiyaya çağırırlar, hədələyirlər. Bizə bütün tərəflərdən təzyiq edirlər. Mən bacısı olaraq 4 ildir çıxılmaz vəziyyətdəyəm, ölkədən də getməyə qoymurlar. Avropa Məhkəməsi bunun qanunsuz olması haqda qərar çıxarsa da, yerli məhkəmə icra olunması barədə qərar versə də, icra olunmur. Mən girov kimi saxlanılıram. Belə bir qanun varmı ki, bacını qardaşa görə girov saxlasınlıar?! Cahangir Hacıyevlə görüşəndə də, o, bu münasibəti anlamadığını deyib.”