
Bakı Apellyasiya Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Gununsesi.org xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmə işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar elan edib.
Məhkəmə istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.
Cinayət işində 19 zərərçəkmiş var.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyeva 9 il, T.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ev dustaqlığında olan A.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı olan məhkumlar apellyasiya şikayəti veriblər.
Gununsesi.org