Bağça müdirinə rüşvətə görə 8 il 6 aylıq həbs – O CƏZASINI 10 İL SONRA ÇƏKƏCƏK

  • By admin
  • 22 Fevral 2018 15:26

Rüşvət almaqda təqsirləndirilən bağça müdiri İlahə Ziyadovaya hökm oxunub. Ona 8 il 6 ay həbs cəzası verilib. Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrliyilə belə hökm çıxarılıb.

Gununsesi.info xəbər verir ki, İlahə Ziyadovanın himayəsində 4 yaşlı övladı var. Bu əsasla hökmün icrası uşaq 14 yaşına çatana qədər təxirə salınıb. Yəni İlahə Ziyadova həbs edilməyib, istintaq və məhkəmə dövründə onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.

Bağça müdiri CM-nin 311 (rüşvət alma) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə təqsirli sayılıb.

Cinayət işinin materiallarında yazılıb ki, sosial şəbəkələrdə İlahə Ziyadovanın rəhbərlik etdiyi bağçada işçi axtarılması haqda elanlar yerləşdirilib. Adamlar elanları oxuyub, Xətai rayonu ərazisində yerləşən həmin bağçaya gediblər. İttihamda yazılıb ki, İlahə Ziyadova işə qəbul üçün onlardan pul alıb. Onlar pul verəndən sonra işə başlayıblar. Amma onların işə götürülməsi haqda rəsmiləşmə olmayıb, işçilərə əməkhaqqı verilməyib. Belə olan halda, verdikləri pulu geri istəyib, işdən çıxacaqlarını bildiriblər. Pul da geri qayıtmayıb. Bundan sonra həmin şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Nəticədə bağça müdirinin barəsində cinayət işi başlanıb.

Gülər

Gununsesi.info