Bahar Azərbaycana nə zaman daxil olur?

  • By ilhame
  • 19 Mart 2024 23:12

Bakı Dövlət Universiteti (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, 2024-cü il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək.

Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

 

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə) və ən qısa gecə (gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə olacaq.

 

Payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 16:43:36-ya təsadüf edəcək. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində yaz fəsli başlayır.

 

Gununsesi.info