Bakı Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxladı

Bakı Apellyasiya Məhkəməsi DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tərəfindən həbs edilən dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovu həbsdə saxlayıb.

 

Bu barədə Gununsesi.info-ya jurnalistin vəkili Bəhruz Bayramov bildirib. Vəkilin sözlərinə görə, Ərşad İbrahimovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün ciddi əsaslar olsa da məhkəmə bunu nəzərə almayıb:

 

“Ərşad İbrahimov 2021-ci ildə cinayət törətməkdə ittiham olunur. Həmin vaxtdan bu günə qədər 3 il vaxt keçib. Ona görə də, onun barəsində istintaq hərəkətləri o azadlıqda olduğu vaxtda aparıla bilərdi. Lakin məhkəmə bunları nəzərə almadı və Ərşad İbrahimovu həbsdə saxladı”.

 

Ərşad İbrahimovun özü həbsini polis orqanlarının fəaliyyətini tənqid etməsi ilə əsaslandırır. O, bildirir ki, polislər haqqında tənqidi materialların görə dəfələrlə “Bandotdel”-ə aparılıb. Yazdıqları isə təzyiq vasitəsilə saytdan sildirilib. Ərşad İbrahimov bildirir ki, iş üzrə zərər çəkən şəxslər də “Bandotdel”-in təzyiqləri nəticəsində onun əleyhinə ifadə verməyə məcbur edilib.

Jurnalist, həmçinin həbs olunduğu vaxt döyüldüyünü də iddia edir. O, məhkəmədə bununla bağlı Baş Prokurorluğa şikayət ünvanlandığını bildirib.

Qeyd edək ki, jurnalist CM-nin 182.2.2 ci maddəsi ilə ittiham olunur.

 

Gununsesi.info