Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində xeyli insan iştirak edib.
Gununsesi.org xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin məlumatına əsasən, Yeni İl gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.
Əvvəlki illərdən fərqli olaraq builki şənliklərdə paytaxtda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.
Ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlayıb. Paytaxtın bütün park və meydanları, Dənizkənarı Milli Bulvar, əsas magistral yol və prospektlər, yol kənarları bayramsayağı bəzədilib.
Bayram günü Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlığa xeyli sakin və qonaqlar qatılıb.
Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xıdmət sahələrinin işçiləri gücləndirilmiş reimdə çalışıblar.