Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-iş günləri ilə əlaqədar Bakıdan rayonlara getmək istəyən sərnişinlərə ciddi problemlər yaradılıb.
Gununsesi.info xəbər verir ki, avtovağzal rəhbərliyi sərnişin sıxlığını nəzərə almayıb. Hazırda avtobuslara bilet ala bilməyən yüzlərlə sərnişin avtovağzal ərazisində avtobus gözləyir.
Avtovağzalın kassalarında sərnişinlərə biletlərin əvvəlcədən satıldığı deyilir. İnsanlar çarəsiz halda qalıb və baha qiymətə taksi xidmətlərindən istifadə edirlər.
Məsələ burasındadır ki, Bakıdan bölgələrə gedəcək taksilər də sərnişinləri daşımaq üçün yetərli deyil. Gün ərzində taksilər sərnişinləri bölgələrə daşıyır. Bu taksilərin təkrar Bakıya qayıtması da xeyli zaman alır.
Avtovağzal ərazisində avtobus gözləyən insanlar etiraz edir, avtovağzal rəhbərliyi baş verənlərə etinasız yanaşır və sərnişin sıxlığını aradan qaldırmaq üçün əlavə avtobusların ayrılmasına çalışmır.
Avtovağzal rərhbərliyi yaranmış problemlə bağlı Gununsesi.info-nun sorğusunu cavablandırmaqdan imtina edib.