Bu həftə paytaxt Bakı daha bir əhəmiyyətli tədbirə ev sahibliyi etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumudur. Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə edildi.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etdilər.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək:
“Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. Biz İdarə Heyətinin üzvləri ilə dünən görüşdük və mənə məlumat verildi ki, IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var”.
Forumda beynəlxalq gündəlikdə duran əsas məsələlərdən biri kimi təhlükəsizlik mövzusunun xüsusi önəm kəsb etdiyi vurğulandı. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması baxımından Qlobal Bakı Forumunun mükəmməl platforma olaraq çıxış etdiyi qeyd olundu.
Prezident İlham Əliyev çıxışı zamanı dünyada gözlənilən ərzaq böhranına diqqət çəkərək bildirdi ki, böhran qaçılmazdır və artıq yaxındadır:
“Böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”.
Qalib ölkə kimi bütün dünyanın diqqətində olan Azərbaycan ədalətli müharibəni Zəfərlə yekunlaşdırdı və öz torpaqlarını işğaldan azad etdi. Bu məqam da ölkə başçısı tərəfindən forum iştirakçılarının bir daha diqqətinə çatdırıldı. Müzəffər Ali Baş Komandanımız müharibənin ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndiyini söylədi:
“İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanıb. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanıb. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı. Müharibə bitdikdən sonra isə hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü”.
Bakı Forumunun tarixi əhəmiyyəti…
Qlobal Bakı Forumunun dünyanın diqqətini cəlb edən hadisələrdən biri olduğunu bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun fikrincə, Bakı Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. O cümlədən, həmin forumlardan fərqlənir. Davos Forumu yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Bakı Qlobal Forumu isə universal xarakter daşıyır. Beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Bakı Qlobal Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.
Deputat bildirib ki, bu gün Azərbaycan regionda əsas aktora, proseslərin hansı istiqamətdə gedəcəyini təyin edən, diqtə edən ölkəyə çevrilib:
“44 günlük müharibədən sonra regionda yeni reallıqlar yaranıb. Cənubi Qafqazda həyata keçirilən bütün layihələrin müəllifi, ya da həmmüəllifi Azərbaycandır. Həm də Azərbaycan müstəqillik qazandıqdan bəri əksər nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, Bakı beynəlxalq problemlərin həllinin müzakirəsi üçün ideal məkana çevrilib. Ölkəmizin təşəbbüsü ilə keçirilmiş “Bakı Prosesi”nin əsas məqsədi mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi olub. Bu tədbir İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. Azərbaycanda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınıb. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu Azərbaycanda keçirilib.
Bundan əlavə, Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edib. Bütün bunları sadalamaqda məqsədimiz budur ki, Azərbaycan müstəqil ölkə kimi mövcudluğu dövründə müxtəlif beynəlxalq mədəni tədbirlərə də uğurla ev sahibliyi edib”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov isə Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən xüsusi qeyd edib ki, Forum Azərbaycanın müasir dünyadakı yeri və rolunu əks etdirir:
“Ölkəmizdə belə mötəbər Forumun keçirilməsi hər şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir”.
O, diqqətə çatdırıb ki, Forumda Prezident İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Ölkə başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.
Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı Azərbaycanın prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.
Prezident Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu.
“Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər”, – Cəlil Xəlilov vurğulayıb.