

Gununsesi.info xəbər verir ki, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi “Caspian Energy”nin nümayəndə heyətini qəbul edib.
Görüş zamanı “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian Energy International Media Group” çərçivəsində informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanları, İndoneziya şirkətlərinin 2016-cı il dekabrın 7-də keçiriləcək “Caspian Energy Forum”da iştirakı ilə bağlı məsələ müzakirə olunub.
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani gələcək ikitərəfli münasibətlərdən bəhs edərək bildirib ki, “iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyiriksə, o zaman Bakı və Cakarta, Cakarta və Bakı arasında yaxşı nəqliyyat əlaqələri, həmçinin AZAL ilə İndonesian Airlines arasında əməkdaşlıq qurmalıyıq”.
“İndoneziya və Azərbaycan arasında İndoneziya və Türkiyə arasındakı birbaşa reysə bənzər uçuşlar təşkil etməliyik. Bu yolla biz Azərbaycana çoxlu sayda indoneziyalı turist cəlb edə bilərik. İndoneziyadan Azərbaycana turist axınının artımının labüdlüyünü Prezident İlham Əliyev də çıxışları zamanı vurğulayıb”,– deyə, Hüsnan Fanani əlavə edib. Səfir həmçinin vətəndaşların bir-birlərinin ölkəsinə qarşılıqlı səfərlərin artımı ilə bağlı da bəzi vacib məqamları qeyd edib. “Biz hər gün insanları Ümrəyə (Həcc) ziyarətə göndəririk. Biz onları İndoneziyaya yaxşı nizamlanmış tranzit məntəqələrin alternativi olaraq Azərbaycan vasitəsilə də geri qaytara bilərik”, – deyə, o qeyd edib.
Səfirin fikrincə, bu, təkcə turizm sahəsində əməkdaşlığın gələcək inkişafında deyil, həm də İndoneziya ilə Azərbaycan arasında məlumatlılığın və anlayışın müəyyən səviyyəyə yüksəlməsi baxımından da yardımçı olacaq.
Gununsesi.info