Bakı metropoliteninə yeni qatarlar gətirildi- FOTO

Bakı metropoliteninə yeni qatarlar gətirildi

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Gununsesi.info-ya    deyib ki, artıq ilk qatar Azərbaycandadır:

“Bağladığımız müqaviləyə əsasən, bu il almağı pölanlaşdırdığımız 2 ədəd qatardan biri artıq Bakıdadır. Hazırda Rusiyadan gələn mütəxəssis heyəti ilə bərabər qatarın hazırlanması prosesi gedir. Avadanlıqlar quraşdırılacaq, sazlanma işləri aparılacaq, daha sonra sınaqlar həyata keçiriləcək. Yalnız bundan sonra qatar xəttə buraxılacaq”.

N.Paşayevin sözlərinə görə, digər  qatarın da gələn ayın sonuna kimi gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, qataralrın hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarların istismar müddəti təxminən 31 ildir.

Qurum rəsmisi bildirib ki, yeni qatarların hər bir vaqonunda 16 USB portu var:

“Vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər”.

N.Paşayev digər yeniliklər barədə açıqlama verməyib.

Yeni qatarların alınması ilə bağlı müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb.

Gununsesi.info

COMMENTS